Nov 08 2018 18:43
Views: 219

“Gələn il Azərbaycanda həm pensiyalar, həm də bəzi müavinətlərdə artım olacaq. Bu haqda əmək və əhalinin sosial müdafiəsi nazirinin birinci müavini İdris İsayev Milli Məclisin komitə iclasında bildirdi. Onun sözlərinə görə, 2019-cu ilin büdcəsində heç bir sosial proqram üçün nəzərdə tutulan vəsait azaldılmayıb, əksinə artırılıb.
“Növbəti ildə pensiyaların orta məbləği 240 manatdan artıq olacaq. 6,3 faiz artım nəzərdə tutulur. Yaşa görə pensiyanın məbləği isə daha çox artacaq, orta hesabla 273 manat səviyyəsində olacaq. Növbəti ildə pensiyaçıların orta illik sayı 1 milyon 294 min təşkil edəcək. Bunun 58,3 faizi yaşa görə pensiya alanlar olacaq, 30,8 faiz əlilliyə görə, 10.9 faizi isə ailə başçısını itirməyə görə pensiya alanlardır”.
Parlamentin əmək və sosial siyasət komitəsinin iclasında çıxşı zamanı nazir müavini gələn il üçün Dövlət Sosial Müdafiə Fondunun büdcəsi barədə məlumat verərək bildirdi ki, büdcədə gəlirlər və xərclərin miqdarı bərabərdir və 3 milyard 928 milyon manat təşkil edir.
“Növbəti ildə orta aylıq əmək haqqı 5,7 faiz artaraq 642 manata çatacaq. Biz bu göstəricilərdən əmək pensiyalarının indeksləşməsi üçün istifadə edirik. Növbəti ildə məşğul əhalinin sayının 5 milyona çatacağı qeyd olunur. Gələn il əhalinin gəlirləri 9 faiz artacaq, 54.4 milyard manata çatacaq”.
2019-cu ildə Azərbaycanda yaşayış minimumu 180, ehtiyac meyarı isə 143 manat müəyyən edilib.  Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov deyib ki, bu iki göstəricinin uyğunlaşdırılması və yaxınlaşdırılması siyasəti aparılır. Hesablama Palatasının auditoru Mehriban Əlişanova sosial sığorta haqlarının toplanması ilə bağlı proqnozlardan danışdı. Rəsmi çıxışlardan sonra millət vəkilləri bəzi sosial istiqamətdə xərclərin artırılmasını təklif etdilər. Hətta bəzi artımların anonsu da verildi.
İclasda əlillərə verilən müavinətlərin, sanator-kurort ödənişləri üçün məbləğin artırılması təklif olundu. Deputatlar həmçinin ünvanlı sosial yardımın ləğv olunmasını, həmin vəsaitin uşaqların müdafiəsinə yönəlməsini təklif etdilər. 
Müzakirələrdən sonra “2019-cu il üçün yaşayış minimumu haqqında”, "2019-cu il üçün ehtiyac meyarının həddi haqqında”, "Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il büdcəsi haqqında” qanun layihələri plenar iclasa tövsiyə olundu


Create Account



Log In Your Account