Dec 15 2018 18:04
Views: 413

Bakıda Parlamentlərarası İttifaqın Gənc Parlament Üzvlərinin 5-ci Qlobal Konfransı işini davam etdirir. Milli Məclisin iclas zalında baş tutan konfrans çərçivəsində “Güclü gələcək: sabahın iş yerləri” mövzusunda məruzə səsləndirildi. Qeyd olundu ki, 2020-ci ilədək dünyada qarşıya çıxacaq ən böyük problem kütləvi işsizlik olacaq. Ona görə, elə kadrlar hazırlanmalıdır ki, onlar müasir dövrün texnologiyası ilə işləməyi bacararaq rəqabət apara bilsinlər. Eyni zamanda, texnoloji sistemləri özləri də hazırlaya bilsinlər. Təəssüf ki, bütün ölkələrdə belə insanların hazırlanması üçün kifayət qədər imkanlar yoxdur. Beynəlxalq Əmək Təşkilatının Şərqi Avropa və Mərkəzi Asiya üzrə bürosunun direktor müavini Xoloud Alxaldi bu gün dünyada işsizliyin həddinin 63 faiz olduğunu deyib. O bildirib ki, bəzi regionlarda və ölkələrdə gənclər arasında işsizlik daha yüksəkdir, onlar üçün iş yerlərinin yaradılması ilə bağlı qlobal hərəkat yaradılıb.

Konfransda “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Rövşən Rüstəmov, Azərbaycan Dövlət İqtisad Universitetinin təmsilçisi Fəridə Əsgərzadə, HORİZON Qrupda əlaqələndirici Marqareta Drzeniek və başqaları mövzu ilə bağlı fikirlərini bildiriblər. Çıxış edənlər yeni texnologiyaların gənc işçilərə təsir mexanizmlərindən danışıblar. Həmçinin əmək bazarlarının gücləndirilməsi, təlim tədbirlərinin, investisiyaların artırılması, daha güclü sosial təminat mexanizmlərinin və gender bərabərliyinin təmin edilməsi məsələlərinə dair fikirlərini bölüşüblər.

İclasda gənc parlament üzvlərinin forumu tərəfindən razılaşdırılmış parlamentlərdə gənclərin iştirakı üçün beynəlxalq hədəf təqdim olunub. Konfrans yekun sənədin təqdimatı və qəbulu ilə başa çatıb. Tədbirdə 44 ölkədən 200-dən çox nümayəndə iştirak edib.

 


Create Account



Log In Your Account