May 22 2019 19:02
Views: 434

Dövlət Təhlükəsizliyi Xidmətinin bu günə qədər keçirdiyi 17 xüsusi əməliyyat tədbirləri nəticəsində 25 nəfər dövlət mühafizə orqanlarının qanuni tələblərinə əməl etmədikləri və silahlı müqavimət göstərdikləri üçün məhv edilib. Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin Beynəlxalq Antiterror Təlim Mərkəzinin təşkilatçılığı ilə Gəncədə keçirilən «Azərbaycançılıq ideologiyası və terrorçuluğa qarşı mübarizədə ictimaiyyətin rolu” mövzusunda konfransda məlumat verilib.

Qeyd olunub ki, beynəlxalq terrorçu təşkilatların əli ilə maliyyələşən və xaricdən yönləndirilməklə Azərbaycanda dövlətçiliyin sarsılmasına,  ictimai asayişin və siyasi sabitliyin pozulmasına yönələn istənilən fəaliyyətə qarşı sərt addımlar atılır. Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları Azərbaycanda radikallaşma, radikal qrupların formalaşması, buna qarşı mübarizə metodları, onların tanınması üçün ilkin əlamətlər haqda tədbir iştirakçılarına geniş məlumat veriblər. Çıxış edənlər son illər dünyada baş verən dini radikalizmin fəsadlarının  Azərbaycandan yan keçmədiyini, bu cərəyanın qurbanlarının kifayət qədər olduğunu diqqətə çatdırıblar. 

Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına görə, bu günə qədər  Suriya və İraqdakı münaqişə zonalarına 1400-dən artıq Azərbaycan vətəndaşı cəlb olunub. Onlardan 600 nəfəri  koalisiya qüvvələrinin zərbələri nəticəsində həlak olub. 530 nəfər isə Azərbaycan Respublikasının qanunvericiliyində aparılmış müvafiq dəyişikliklərlə əlaqədar Azərbaycan Respublikasının vətəndaşlığını itiriblər.

Tədbirdə ölkədə  terrorçuluğa qarşı  mübarizədə, cəmiyyət içində olan radikal yönümlü insanların aşkar edilməsində ictimayyətin rolunun əhəmiyyəti xüsusi vurğulanib. Bu kimi hallara qarşı birgə mübarizə aparılmasının vacibliyi diqqətə çatdırılıb.

Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları sosial şəbəkələrin də bu məsələdə xüsusi rol oynadığını qeyd ediblər. Bildiriblər ki, terrorçu təşkilatların sosial şəbəkələrdə təbliğatına qarşı mübarizə aparılması üçün qanunvericilikdə inzibati və cinayət məsuliyyəti də nəzərdə tutulacaq.


Create Account



Log In Your Account