Jun 09 2018 18:18
Views: 491

1992-ci ildə erməni silahlı birləşmələri tərəfindən işğal edilən Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Günnüt kəndi 26 ildən sonra Azərbaycan Ordusunun nəzarəti altına keçib. Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən verilən məlumata görə, mayın son günlərində Şərur rayonunun Günnüt kəndi və ətrafındakı mühüm strateji əhəmiyyətli yüksəkliklər Əlahiddə Ümumqoşun Ordunun əks-həmlə əməliyyatları ilə işğaldan azad edilib.
 Bununla, Azərbaycan Ordusu daha əlverişli mövqelərə sahiblənib, “Xunut” dağı və “Ağbulaq” yüksəkliyi, daha sonra isə “Qızılqaya” dağı və “Mehridağ” işğaldan azad edilərək  Dərələyəz mahalının Arpa  kəndi nəzarət altına keçib. Ümumilikdə 11 min hektara yaxın ərazi nəzarət altına alınıb.
İctimaiyyət nümayəndələri bu qələbə xəbərini böyük sevinclə qarşılayıblar. Silahlı Qüvvələrin növbəti uğurlu əks-həmlə əməliyyatı milli Azərbaycan ordusunun qüdrətinin göstəricisi kimi qiymətləndirilir.
Millət vəkili Səməd Seyidov bildirib ki, Naxçıvan istiqamətində əldə etdiyimiz uğurlar həm ordumuzun, həm xalqımızın, həm prezidentin apardığı siyasətin  təntənəsidir: «Yalnız bu, ilk addımlardır. Ermənilərin yalanları bir müddət ayaq tutmuşdu. Amma yeriyə bilmədi. Yeriyə də bilməz. Bu gün nə qədər də Azərbaycanın apardığı siyasətin qarşısını almağa cəhd göstərsələr də, bu siyasət artıq öz yerini tutur”.
Hərbi ekspert Ramil Məmmədli bildirir ki, son 2 ildə Ermənistan silahlı qüvvələri çox ciddi şəkildə öz mövqelərini itirməyə başlayıb: “Əslində, bu mövqelər təkcə hərbi əhəmiyyət kəsb etmir,  həm də siyasi əhəmiyyət daşıyır. Erməni xalqı artıq dərk edir ki, Ermənistan dövləti onları qorumaq bacarığında deyil. Bu da onları ciddi şəkildə narahat edir. Bu, İrəvan şəhərininin, daha doğrusu Ermənistanın siyasi   rəhbərliyinin, hərbi qurumlarının ciddi narahatlığı ilə qarşılaşacaq. Artıq bu proses başlayıb. Elə ona görə bizi inandırmağa çalışırlar ki, guya onlar özləri bu mövqeləri veriblər”.


Create Account



Log In Your Account