Dec 21 2018 18:24
Views: 357

Bu gün görkəmli şərqşünas, tarixçi alim, Sovet İttifaqı Qəhrəmanı, Dövlət Mükafatları Laureatı, Əməkdar elm xadimi Ziya Bünyadovun anadan olmasının 95-ci ildönümü tamam olur. Ziya Bünyadov Azərbaycan elminin inkişafında əvəzsiz xidmətləri ilə tanınır.

O, 1923-cü il dekabrın 21-də Astara şəhərində anadan olub, müxtəlif sahələrdə uğur qazanıb. İlkin təhsili hərbi sahədə olan Ziya Bünyadov 1941-45-ci illərdə ikinci dünya müharibəsində  iştirak edib. Ukrayna,  Moldova, Mozdok , Tuapse, Belarus və Polşa uğrunda döyüşlərdə xüsusi şücaət göstərib. 1945-ci ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.

Müharibədən sonra Moskva Şərqşünaslıq İnstitutunda təhsil alıb, orada aspiranturanı bitirib. “Azərbaycan VII-IX əsrlərdə” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.  Bu monoqrafiyasında ərəb mənbələri əsasında Azərbaycanın həmin dövrdəki sosial, iqtisadi və mədəni həyatını canlandırıb. Ziya Bünyadov Azərbaycan xalqının etnogenezini tədqiq edib və ermənilərin iddialarını məhv edib. Bu monoqrafiyasına görə Dövlət mükafatı laureatı olub.

Görkəmli alim Ziya Bünyadov Azərbaycan Elmlər Akademiyasının müxbir və həqiqi üzvü, Azərbaycan Sovet Ensiklopediyasının baş redaksiyasının üzvü olub. Müxtəlif dövrlərdə  Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru, AMEA-nın vitse-prezidenti vəzifəsində çalışıb. O, orta əsrlər mənbələrinin araşdırılması, tərcüməsi, təhlili ilə bağlı məktəbin əsasını qoyub

Şərqşünas alim müstəqilliyin ilk illərində xalqa İslam dini haqqında doğru-dürüst məlumatların verilməsinı çalışıb. Dinlər, təriqət və məzhəblər haqqında sorğu kitabı hazırlayıb. 1991-ci ildə professor Vasim Məmmədəliyevlə birlikdə Quranı ilk dəfə Azərbaycan dilinə tərcümə edib. Qələmi ilə döyüşən alim müstəqilliyin ilk illərində xalqımızın başına gətirilənlərə biganə qalmayıb. O, 1988-ci ildə Dağlıq Qarabağ bölgəsində baş verənlərə münasibətini bildirib.

Ziya Bünyadov sovetlər dağılandan sonra Milli Təhlükəsizlik komitəsinin arxivlərini araşdıraraq “Qırmızı terror” dövründə repressiyaya məruz qalan minlərlə ziyalı haqqında tədqiqatlarını çap etdirib. Son nəfəsinə qədər öz xalqına və millətinə xidmət edən bu şəxsiyyət 1997-ci il fevral ayının 21-də yaşadığı binanın qarşısında cinayətkar qrup tərəfindən vəhşicəsinə qətlə yetirilib.

İndi  AMEA-nın Şərqşünaslıq İnstitutuna Ziya Bünyadovun adını daşıyır. Burada alimin bareyefi qoyulub. Görkəmli ziyalının iş kabinetində hər şey onun son iş günündə olduğu kimi saxlanılır.

 


Create Account



Log In Your Account