Jan 22 2019 14:01
Views: 461

“Güzəştli mənzil” sistemində mənzil almaq istəyən vətəndaşlar bundan sonra daha rahat seçim edəcək. Prezident İlham Əliyevin imzaladığı fərmana əsasən “Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”nda dəyişikliklər edilib. Yeni qaydalara görə, elektron kabineti olan şəxs agent banka müraciət edərək kredit məbləğini müəyyənləşdirdikdən sonra mənzil seçimi edə biləcək.

Bu dəyişiklik mənzilləri güzəştli ipoteka krediti ilə almaq istəyən vətəndaşların işini xeyli asanlaşdıracaq.

Dəyişikliklərdən biri mənzillərin satışı müddətində seçim edə bilməyən şəxslərə mənzil əldə etmək imkanının yaradılması ilə bağlıdır. Belə ki, “Güzəştli mənzil” sistemində seçilmiş bir mənzili həmin elan çərçivəsində daha iki şəxs də ardıcıl olaraq gözləmə qaydasında seçə bilər.

“Əgər güzəştli mənzil sistemində bir şəxs mənzil seçibsə, digər 2 şəxs də həmin mənzili gözləmə qaydasında seçə bilər. Mənzili seçmiş şəxs onu hər hansı bir səbəbdən əldə edə bilmirsə və ondan imtina edirsə, bu mənzil gözləmə qaydasında onu ilk seçən şəxsə təklif olunacaq. Əgər həmin şəxs də onu əldə edə bilməyəcəksə, həmin mənzil gözləmə qaydasında seçən 2-ci şəxsə təklif ediləcək”.

Digər yenilik mənzillərin satış qiymətinə tətbiq edilən əlavə endirimlərdən yararlanmaq istəyən vətəndaşlar üçündür. Bu yeniliyə əsasən mənzilləri öz vəsaiti hesabına birdəfəlik ödəniş edərək almaq istəyən şəxslər üçün ayrıca satış elanı veriləcək.

Qeyd edək ki, “Güzəştli mənzil” sistemində olan bu yeniliklər 2019-cu il mayın 1-dən etibarən tətbiq ediləcək.


Create Account



Log In Your Account