Sep 30 2019 19:46
Views: 343

Sabahdan Azərbaycan əhalisinin sayca 3-cü siyahıyaalınması başlayacaq. 1-10 oktyabr tarixlərində aparılacaq siyahıyaalınmaya 3 il hazırlıq gedib. Dövlət Statistika Komitəsi ölkənin hər bir inzibati ərazi vahidi üzrə təşkilati plan tərtib edərək yerli icra hakimiyyətləri ilə razılaşdırılmış şəkildə təsdiq edib. Ölkə ərazisi 720 siyahıyaalma, 6777 təlimatçı və 33907 sayıcı məntəqəsinə bölünüb. Prosesə ümumilikdə 43 min işçi cəlb edilib. BMT-nin tövsiyələrinə uyğun olaraq Dövlət Statistika Komitəsi siyahıyaalınma və sorğu vərəqələri hazırlayaraq təsdiq edib. Siyahıyaalınma vərəqəsi hər bir ev təsərrüfatı üçün tərtib olunub və 6 sualdan ibarətdir.    
Əvvəlki siyahıyaalınmadan fərqli olaraq ilk dəfə olaraq əlilliyə dair suallar veriləcək və ölkədə sağlamlıq imkanları mədud uşaqların və əlilliyi olan şəxslərin mənzil məişət şəraiti, təhsili və məşğulluğuna dair məlumatlar toplanacaq. Siyahıyaalınma prosesinin 50-ə yaxın metodoloji sənədləri hazırlanaraq təsdiq edilib. Builki siyahıyaalınma ənənəvi üsulla, kağız daşıyıcılar vasitəsilə həyata keçiriləcək. Əldə edilən bütün məlumatların məxfiliyi qorunacaq. Əhalinin maarifləndirilməsi məqsədilə də tədbirlər həyata keçirilib.
Siyahıyalınma ölkənin 10 il ərzində sosial, iqtisadi, demoqrafik, miqrasiya və digər sahələrində dəyişiklikləri özündə əks etdirəcək. Bu da həyata keçirilən dövlət strategiyasının daha dolğun və effektiv olmasına, doğru proqnozların verilməsinə imkan yaradacaq.  İnsan resurslarının idarə olunması baxımından da mühüm tədbir hesab olunur.
Siyahıyalınma bitdikdən sonra əldə olunan materiallar siyahıyalınma qrupuna təhviil veriləcək və xüsusi proqram vasitəsilə elektron məlumat bazasına daxil ediləcək. Daha sonra məlumatların  emalı həyata keçiriləcək, siyahıyaalınmanın yekunlarına dair nəşrlərin hazırlanması isə 2022-ci ilin sonunadək nəzərdə tutulub. Qeyd edək ki,siyahıyaalınma prezident İlham Əliyevin 2016-cı ildə imzaladığı fərmana uyğun olaraq həyata keçirilir. Azərbaycanda əhalinin əvvəlki siyahıyaalınmaları 1926, 39, 59, 70, 79, 1989-cu illərdə, müstəqillik dövründə isə 1999-cu və 2009-cu illərdə keçirilib.


Create Account



Log In Your Account