Aug 22 2019 16:54
Views: 250

Oktyabrın 1-dən 10-dək Azərbaycan əhalisi növbəti dəfə siyahıya alınacaq. Bu mühüm dövlət tədbiri prezidentin 2016-cı il 7 sentyabr tarixli fərmanına əsasən həyata keçiriləcək. Ölkə üçün xüsusi əhəmiyyət daşıyan siyahıyaalınmanın yüksək səviyyədə baş tutması üçün Dövlət Statistika Komitəsində son hazırlıq işləri gedir.

Əhalinin siyahıya alınması BMT-nin “Əhali və mənzil fondunun siyahıyaalınması – 2020” tövsiyyələrinə uyğun olaraq hər 10 ildən bir üzv ölkələrində aparılır. Bununla bağlı artıq 50-yə yaxın sənəd tərtib edilərək aidiyyəti üzrə yerlərə çatdırılıb. Əhalinin sayına uyğun sorğu vərəqələri çap edilib. Vətəndaşları siyahıyaalınmaya cəlb etmək üçün çağırış materialları və video-çarxlar da hazırlanıb.

Proses ənənəvi olaraq vətəndaşları fərdi qaydada sorğu etməklə həyata keçiriləcək. Sayıcılar ünvanlara gedərək, orada yaşayan insanlara sorğu vərəqələrini təqdim edəcəklər. Sorğu vərəqəsində siyahıya alınacaq hər bir şəxslə bağlı suallar öz əksini tapıb. Hər kəs bu sualları dəqiq cavablandırmalıdır.

Azərbaycanda əhalinin əvvəlki siyahıyaalınmaları 1926, 39, 59, 70, 79, 1989-cu illərdə, müstəqillik dövründə isə 1999-cu və 2009-cu illərdə keçirilib. Əhalinin buna hazırlığını qiymətləndirmək üçün ötən il Qəbələ rayonunda sınaq siyahıyaalınma da aparılıb. Şöbə müdiri vətəndaşlara müraciət edərək, onları siyahıyalınma prosesində aktiv iştiraka səsləyir. Bildirir ki, əhalinin sorğulara tam, dolğun cavab verməsi ölkə üçün mühüm əhəmiyyət kəsb edir.

Rza Allahverdiyevin sözlərinə görə, bu proses dövlətin vahid statistik metodologiyası əsasında həyata keçirilir və cəmiyyətdəki vəziyyət haqqında, onun iqtisadiyyatı, sosial sahəsi, mənəvi dəyərləri və sair barədə mühakimə yürütməyə imkan verir.

 


Create Account



Log In Your Account