May 15 2019 19:05
Views: 254

Azərbaycanın beynəlxalq hava limanlarında “ASAN Viza” sisteminin tətbiqinin bir ili tamam olur. Türkiyə,  Birləşmiş Ərəb Əmirlikləri, Koreya Respublikası, Çin, İran, İsrail, Yaponiya və digər ölkələrin vətəndaşları vizanı məhz hava limanında rəsmiləşdirə bilir. Diplomatik səfərlər, Formula 1, Avropa Liqası və bu kimi digər beynəlxalq tədbirlərlə əlaqədar Azərbaycana səfər edənlər də ASAN viza əldə edə bilir. Elektron Hökumətin İnkişafı Mərkəzi publik hüquqi şəxsin direktoru Fariz Cəfərov jurnalistlərə açıqlamasında bildirib ki, ötən müddət ərzində Azərbaycana səyahət üçün müraciət edən 1 milyon 222 mindən çox əcnəbiyə ASAN viza verilib. Hava limanlarında 376 mindən çox turist viza alıb.

Fariz Cəfərovun sözlərinə görə Azərbaycana elektron viza üçün müraciət edən turistlərin sayı ötən ilin analoji dövrü ilə müqayisədə 72 faiz artıb. Hazırda sistemin daha da təkmilləşdirilməsi istiqamətində də iş aparılır.

“ASAN Viza” vasitəsilə 95 ölkədən olan əcnəbilərə elektron viza verilməsi həyata keçirilir.  Yaxın vaxtlarda Azərbaycana gələn turistlərə çoxgirişli vizalar da veriləcək.

UEFA Avropa Liqasının finalı ilə bağlı “ASAN Viza” əməkdaşları gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Heydər Əliyev Beynəlxalq Aeroportunda “ASAN Viza” xidmət terminallarının və əməliyyat pəncərələrinin sayı iki dəfədən çox artırılıb.  Vizaların verilməsi 30 saniyəyə qədər azaldılıb.


Create Account



Log In Your Account