Oct 31 2019 18:58
Views: 123

“İqlimin “sürətlə” istiləşməsi tendensiyası Azərbaycanda da özünü biruzə verir. Hava-iqlim prosesləri ilə bağlı risklər artır”. Bunu Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev deyib. Bildirib ki, araşdırmalara görə 1991-2017-ci illər ərzində Azərbaycanda havanın orta temperaturu 1,4 dərəcə yüksəlib. İqlim dəyişikliyi nəticəsində su ehtiyatları da azalıb. Cənubi Qafqazın su ehtiyatlarının 15%-nin Azərbaycanda olduğunu deyən nazir bildirib ki, beynəlxalq iqlim modellərinə əsasən, su ehtiyatlarının gələcəkdə də azalma ehtimalı var.

Nazirin sözlərinə görə, kənd təsərrüfatında suyun qənaətlə istifadəsinə yönəlik böyük hədəflər var. Buna nail olmaq üçün ciddi proqramlar həyata keçirilməlidir.

Muxtar Babayev plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirindən də söz açıb. Bildirib ki, bununla bağlı 2019-20-ci illər üçün Tədbirlər Planı icra olunur. Geniş istifadə olunan plastik torbalardan istifadənin mərhələli şəkildə məhdudlaşdırılması və alternativ materiallardan istifadənin genişləndirilməsi üçün tədbirlər görülür. Qalınlığı 15-50 mikron olan polietilen torbaların ödənişli olması ilə bağlı sənəd layihəsi artıq razılaşdırma mərhələsindədir.


Create Account



Log In Your Account