May 28 2020 18:13
Views: 319

 28 May - Respublika günündə şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə əsl bayram hədiyyəsi edilib. Mənzil və maşın növbəsində olanlar nəhayət, öz arzularına çatıblar. Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə 100 mənzil təqdim olunub. Eləcə də, müharibə əlilləri 50 avtomobillə təmin olunub. Abşeron rayonunun Məmmədli kəndində yeni yaşayış binalarından alınmış mənzillər öz sahiblərinə verilib. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli bildirib ki, indiyədək şəhid ailələrinə və müharibə əlillərinə 7700-dək mənzil və fərdi ev təqdim edilib. İstifadəyə verilən yeni mənzillər tam təmirlidir və otaqlarda müasir tələblərə uyğun yaşayış şəraiti yaradılıb. Ev sahibləri mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasına göstərilən yüksək qayğıya görə minnətdardılar.

Qeyd edək ki, Qarabağ müharibəsi əlillərinə 2018-ci ildə 265 avtomobil, ötən il isə nəzərdə tutulduğundan 3,2 dəfə çox olmaqla, 600 avtomobil verilib. Bu gün daha 50 maşın sahiblərinə təqdim edilib.

Bölgələrdə yaşayan Qarabağ müharibəsi əlilləri üçün nəzərdə tutulan avtomobillər isə karantin dövrünün tələbləri nəzərə alınaraq, onlara Neftçala rayonunda təqdim edilir.

 

 


Create Account



Log In Your Account