Jan 20 2019 15:03
Views: 454

Həyat üçün doğulmuşuq, Vətən üçün ölməliyik deyirdi...Yaşadığı qısa həyatda da ürəyi hər zaman vətən üçün döyündü, sonda vətən uğrunda canını fəda etdi... Əslən Göyçədən olan 20 yanvar şəhidi Ülvi Bünyadzadə ziyalı ailəsində dünyaya göz açıb. Uşaqlıqdan zəkası, istedadı ilə fərqlənən Ülvinin təzadlı xarakteri olub. Anasına sirdaş, yaşıdlarına dost kimi nə qədər mülayim idisə, ideaları, inandığı dəyərləri müdafiə edəndə o qədər sərt, dönməz idi.  Ailənin böyük oğlu olmağın məsuliyyətini hər mənada dərk edirdi. Bacısı Könül Bünyadzadə deyir ki, Ülvi ruhunun hər dilini bilirdi.

Dağlıq Qarabağ məsələsi yenicə alovlananda onun da içində vətənpərvərlik, milli heysiyyat hissi baş qaldırır. Şeirlərinin birində “Qəbirdə də Qarabağın özüyəm” deməklə sanki vətənin dərdinə hay verir, onun müdafiəsinə qalxmağa hazır olduğunu ifadə edirdi.  1989-cu ildə Rusiyada Sibir çöllərində hərbi xidmətdə olarkən belə Azərbaycanda baş verən hadisələri izləyir, öz ətrafına həmfikirlərini toplayaraq kiçik bir cəmiyyət yaradır. Nümunəvi əsgər olan Ülvinin liderlik qabiliyyəti həyatının bütün mərhələlərinə sirayət edib.  Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda təhsil alan bu gənc zamanın tələblərini çox gözəl anlayırdı. İnstitutun ziyalı alim və müəllimləri ilə dostluq edər, dərslərini məsuliyyətlə yanaşmaqla bərabər heç bir toplantıdan qalmazdı. Qorxmazlıq Ülvinin canındaydı deyən Əsgər müəllim onun 1990-cı il yanvarın 15-də institutunun akt zalında etdiyi çıxışı indiyə qədər xatırlayır.

Şeirlərində tez-tez ölümdən danışan Ülviyə görə ən çox anası narahat olsa da anlayırdı ki,  əqidəsi uğrunda, prinsipləri mübarizədə onun qarşısını kimsə kəsə bilməz. Təsadüfi deyil ki, 20 Yanvar faciəsindən aylar öncə Ana torpağı, doğma xalqı qarşısında övladlıq borcunu şərəflə, ləyaqətlə yerinə yetirəcəyini vicdan borcu bilərək öz müqəddəs "And"ını yazmışdı. 1990-cı il 19 Yanvar gecəsi isə sovet əsgərlərinin yolunu kəsib, sinəsini xalqına tuşlanmış gülləyə sipər edib. 20 Yanvar Bünyadzadələrin də həyatını kökündən dəyişib. 

Ülvinin xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaşadığı küçəyə "Ülvi Bünyadzadə küçəsi" adı verilib. Eyni zamanda təhsil aldığı universitetdə muzeyi yaradılıb. Vaxtilə təhsil aldığı auditoriyaya adı verilib və bu auditoriyada onu barəsində xüsusi guşə düzəldilib. Ülvi Bünyadzadə Bakıda Şəhidlər Xiyabanında dəfn olunub.


Create Account



Log In Your Account