Apr 02 2019 18:48
Views: 687

11 yaşlı Asim Məmmədov aprel şəhidi motoatıcı taborun  komandiri , mayor Rasim Məmmədovun yeganə oğludur. 3 ildir ata həsrəti çəkən bu balaca oğlan ən çox onunla söhbətlərindən ötrü darıxır. Rasim Məmmədov hərbçi peşəsinin ciddiliyini daşıdığı qədər övladları ilə ünsiyyətdə  o qədər yumşaq və mehriban olub. Bəlkə də buna görə, Asim atasını öncəliklə etibarlı dost, sirdaş kimi xatırlayır. Övladlarının vətənpərvər ruhda böyüməsi üçün əlindən gələni əsirgəmiyən Raism Məmmədov Füzulidə strateji Lələtəpə yüksəkliyini alacağını sanki aylar öncə hiss edirmiş.

Horadizdə yaşasalar da sanki baş verəcəkləri hiss edən mayor ailəsini elə aprelin 2-də Bakıya yola salıb. Sonuncu danışığında ailəsi nigaran qalmasın deyə çox müsbət əhval ruhiyyədə olsa da, şəhid olmadan öncə yazdığı sonuncu mesajından hər şey bəlli idi. “Oğlum və qızım mənlə fəxr edə bilər”  yazmışdı Rasim Məmmdov…Aprel hadisələrinin üzərində ötən bu 3 ildə çox şey dəyişib. Bu gün atasının yolunu davam etdirmək istəyən Asim hərbçi olmaq istəyir. Peşəkar hərbçi kimi yetişmək üçün kiçik yaşdan karateyə başlasa da, hazırda kinboksinqlə məşğuldur. Çoxsaylı respublika yarışlarında yaşıdları arasında dəfələrlə qalib olan balaca qəhrəmanıma müəllimi “qisasçı” ləqəbi qoyub. Bu gün onun bir amalı var. Atası kimi işğal olunmuş torpaqlarımızın və şəhid verdiyimiz qəhrəmanlarımızın qisasını almaq...

Aprel hadisələrində qəhrəmancasına həlak olan Azərbaycan Silahlı Qüvvələrinin zabiti Sənan Axundovun qızı Nəzrin üçün də atası haqqında keçmiş zamanda danışmaq ağrılıdır. 13 yaşlı bu qızcığaz hərbçi peşəsinin ağırlığını atası şəhid olandan sonra dərk etdiyini deyir. Aprel döyüşlərinin getdiyi günlərdə atasından aldığı hər xəbər, hər zəngə yetişməyə çalışıb. Atasının öz istəyi ilə Füzuliyə yollanmasını o zaman anlamadığını deyən Nəzrin indi bunun səbəbini başa düşür.

Atası ilə hər zaman dost, yaşıd kimi münasibətinin olduğunu deyən balaca qəhrəmanıma vətən sevgisini aşılayan da o olub.

Aprel döyüşlərində şəhid olan qəhrəmanların övladları atalarına olan hörməti hər zaman hiss edirlər. Nəzrin deyir ki, ilk gündən sinif yoldaşlarının dəstəyini hiss edib. Onlar ürək sözlərini məktubda yazaraq Nəzrinin yanında olduqlarını hiss etdirmək istəyiblər. Bu gün artıq 3 ildir ki, Nəzrinin oxuduğu sinifin qarşısında asılan lövhədə ona ünvanlanan onlarla şagirdin ürək sözləri yazılır.


Create Account



Log In Your Account