May 10 2019 17:38
Views: 636

Bu gün Heydər Əliyev Fondunun yaranmasından 15 il ötür. Fond Azərbaycan tarixinə müstəqil dövlət qurucusu kimi daxil olmuş Heydər Əliyevin xatirəsinə xalqımızın ehtiramını ifadə etmək arzusundan yola çıxaraq yaradılıb. Əsas məqsəd ulu öndərin zəngin mənəvi irsini əks etdirmək, azərbaycançılıq fəlsəfəsinin ölkəmiz üçün əhəmiyyətini vurğulamaq, milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaqdır.

 

2004-cü il mayın 10-da fəaliyyətə başlamış Heydər Əliyev Fondunun prezidenti Azərbaycanın birinci xanımı, UNESCO və ISESCO-nun Xoşməramlı səfiri Mehriban Əliyevadır. Məhz onun sayəsində Heydər Əliyev Fondu 15 ildə ölkənin sosial həyatında əsas təşkilata çevrilib. İnsanlar bu təşkilata ümid yeri kimi baxırlar. Yardım və dəstək məqsədilə müraciətlərin və məktubların böyük əksəriyyəti məhz Fonda yönəlir. Bu illər ərzində fond insanların problemlərinin həllində mühüm rol oynayıb. Təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirir. Yeni cəmiyyət quruculuğunda fəal iştirak edir, ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini verir. Sosial problemlərin həllindən, xəstəxana, məktəb və uşaq bağçalarının tikintisindən tutmuş, müxtəlif səpgili layihələrin tətbiqi və reallaşdırılmasında fondun misilsiz xidmətləri var.

 

Heydər Əliyev Fondu düz 15 ildir ki, müxtəlif ölkələrdə sosial və humanitar layihələr həyata keçirir. Fondun hədəfi məktəb və xəstəxanaların tikintisi, dərmanların və zəruri yardımların çatdırılması vasitəsilə ağır vəziyyətdə və köməyə ehtiyacı olan insanlara yardım etməkdir. O cümlədən, Azərbaycanla tərəfdaş münasibətlərdə olan ölkələrə dost əli uzatmaq və bu yolla ikitərəfli əlaqələri daha da genişləndirməkdir. Fondun dəstəyilə Gürcüstan, Misir, Rumıniya, Rusiya, Pakistan və Hollandiyada bir sıra məktəblər yenidən qurulub və əsaslı təmir olunub. Pakistanda zəlzələdən sonra dağılmış qızlar üçün yeni orta məktəb binasının inşası ən uğurlu və önəmli layihələrdəndir. Bununla da Heydər Əliyev Fondu həm də Azərbaycanın xarici və milli təhlükəsizlik siyasətində önəmli rola malik olduğunu göstərir.

 

Azərbaycan torpaqlarının işğalının və Xocalı soyqırımının dünyada tanıtdırılması Heydər Əliyev Fondunun əsas fəaliyyət istiqamətlərindən biridir. Əldə olunan çoxşaxəli uğurlarda Fondun prezidenti Mehriban Əliyevanın rolu danılmazdır. “Qarabağ həqiqətləri”, “Müharibə və tarixi mədəniyyət abidələrimiz”, Parisdə ingilis dilində çıxan “Azərbaycana qarşı müharibə: mədəni irsin hədəfə alınması”, “Muğam haqqında əlyazmalar toplusu”, “Qarabağ xanəndələri” və sair nəşrlərin Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz guşələrindən biri kimi dünya ictimaiyyətinə çatdırılmasında mühüm vasitə olub. Fondun dəstəyi ilə Xocalı soyqırımı hər il dünyanın 100-dən artıq nöqtəsində qeyd olunur. Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən etibarən “Xocalıya ədalət” beynəlxalq təbliğat-təşviqat kampaniyası həyata keçirilir. “Xocalıya ədalət” aksiyaları sayəsində ermənilərin törətdiyi soyqırımı faktı dünyaya yayılıb, Xocalı soyqırımı müxtəlif ölkələrin parlamentlərində tanıdılıb. Təsadüfi deyil ki, son illərdə onlarla ölkənin parlamentində Xocalı soyqırımı haqqında qətnamələr qəbul edilib. Bütün bunlar ulu öndər Heydər Əliyevin adını daşıyan bu Fondun missiyasını ona layiq bir şəkildə yerinə yetirdiyini deməyə əsas verir.


Create Account



Log In Your Account