Oct 06 2018 15:06
Views: 334

Azərbaycan tərəfi Ermənistan-Azərbaycan münaqişəsinin həllinə xidmət edən konstruktiv danışıqlara və təmaslara həmişə hazırdır. Prezident Administrasiyasının xarici siyasət şöbəsinin müdir müavini Hikmət Hacıyev CBC-yə müsahibəsində belə deyib. Qeyd edib ki, bu, Azərbaycanın mövcud format əsasında danışıqlar prosesinə sadiqliyini növbəti dəfə nümayiş etdirir. Hikmət Hacıyev bildirib ki, MDB dövlət başçılarının Düşənbədə keçirilən Zirvə toplantısı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasındakı söhbət bir daha onu göstərir ki, danışıqlar prosesinin formatı dəyişilməz qalır. Münaqişə tərəfləri olaraq danışıqlar məhz Ermənistan və Azərbaycan arasında aparılır.
“Azərbaycan Respublikasının xoş niyyətinin təzahürüdür ki, Azərbaycan danışıqlar prosesində iştirak edir və münaqişənin də məhz sülh yolu ilə həllinin tərəfdarıdır. Məhz bu meyarlardan da çıxış edərək Azərbaycan öz xoş niyyətini göstərmiş və atəşkəs rejiminin möhkəmləndirilməsilə əlaqədar olan məsələlərə də öz müsbət münasibətini bildirib. Həmçinin bu bir daha onu təsbit edir ki, danışıqlar prosesinin formatını məhz mövcud format və platforma təşkil edir. Bu da ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında aparılan danışıqlar prosesidir. Ermənistan özü də bunu etiraf etmiş oldu”.    
Hikmət Hacıyev hesab edir ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Düşənbədə baş tutan söhbət rəsmi Yerevanın bu günədək irəli sürdüyü bütün iddiaların üzərindən xətt çəkir.
“Biz əvvəlki açıqlamalara fikir versək Ermənistan rəhbərliyi danışıqlar prosesində müəyyən qeyd şərtlər və iddialar irəli sürməyə çalışırdı. Amma yekunda onlar özləri də hesablaşdılar. Hesablaşmağa daha doğrusu məcbur oldular. Və danışıqlar da bu minvalla davam edir. Amma atəşkəs sülh demək deyil. Atəşkəs keçici bir vasitədir. Atəşkəs sülh prosesinin irəli aparılması üçün yaradılan bir imkandır ki, Minsk qrupunun həmsədr ölkləri də səylərini artıraraq məhz münaqişənin həlli prosesinin nəticə yönümlü olmasını təmin etmək istiqamətində daha da ciddi və təsirli addımlar atmalıdırlar”.
Prezident Administrasiyasının rəsmisi bildirib ki, Azərbaycanın münaqişənin həlli prosesində mövqeyi konstruktiv xarakter daşıyır. Rəsmi Bakı regional sülhə, təhlükəsizliyə, əmin amanlığa xidmət edən siyasət həyata keçirir. Bu, Azərbaycanın öz inkişafı digər, Ermənistan xaric, qonşu dövlətlərin də çiçəklənməsinə, hətta regionun hüdudlarından kənarda geniş bir əməkdaşlığa xidmət edən siyasətdir.


Create Account



Log In Your Account