Aug 21 2019 18:30
Views: 156

Təlim-məşq uçuşları zamanı qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Rəşad Atakişiyevlə vida mərasimi keçirilib. Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində keçirilən mərasimdən sonra şəhid pilotun nəşi II Fəxri Xiyabanda dəfn edilib. 

34 yaşlı Rəşad Atakişiyevin idarə etdiyi Miq-29 təyyarəsi iyulun 24-də təlim-məşq uçuşu zamanı Xəzər dənizi üzərində qəzaya uğrayaraq dənizə düşüb. Onun nəşi avqustun 20-də səhər saatlarında dənizin dibində tapılaraq çıxarılıb.

Polkovnik-leytenant Rəşad Atakişiyev 1985-ci ildə Şəmkir rayonunda anadan olub. O, Heydər Əliyev adına Hərbi Akademiyada təhsil alıb. Pilot kimi fəaliyyətə başlayıb, polkovnik-leytenant rütbəsinə qədər yüksəlib.

Xatırladaq ki, iyulun 24-də gecə vaxtı təlim uçuşları həyata keçirən zaman Rəşad Atakişiyevin idarə etdiyi Miq-29 təyyarəsi qəzaya uğrayaraq Xəzər dənizinə düşüb. Təyyarənin qara qutusu artıq tapılaraq sudan çıxarılıb. Şəhid pilotun ailəsi qəzanın səbəblərinin qara qutunun oxunmasından sonra məlum olacağına inanır.

Qeyd edək ki, Rəşad Atakişiyevin nəşinin və Miq-29 təyyarəsinin axtarışlarına türkiyəli mütəxəssislər də cəlb olunmuşdu. Bu ölkənin hərbi dəniz qüvvələrinin xüsusi təyinatlı sualtı axtarış qrupu əməliyyatlarda iştirak edib.

 


Create Account



Log In Your Account