May 21 2019 18:22
Views: 345

2018-ci ildə dünyada baş verən təlatümlü hadisələr və qlobal risklərə baxmayaraq, Azərbaycan iqtisadiyyatı  dinamik artım əldə edib. Xüsusilə qeyri -neft sektoru və nəqliyyat sektorunda əvvəlki illərə nisbətən imkanlar genişlənib. Bu haqda Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında bildirildi. Komitənin sədri Ziyad Səmədzadə qeyd etdi ki, ötən il ÜDM-in 1,4 faiz, adambaşına düşən gəlirlərin 8,2 faiz artımına, milli valyutanın sabitliyinin qorunmasına nail olunub. Maliyyə nazirinin müavini Azər Bayramov büdcənin icrası ilə bağlı rəqəmləri iclas iştirakçılarının diqqətinə çatdırdı.

Büdcənin icrasına dair layihəyə əsasən, Vergilər Nazirliyi proqnoza  100,5 faiz icra edərək büdcəyə 7 milyard 416 milyon manat daxil olmasını təmin edib. Bu da 2017-ci illə müqayisədə 7 faizdən çox artım deməkdir. Artımla yanaşı, 2018-ci il ərzində vergi ödəyicilərinin artıq ödəmələrinin 543 milyon manat azalmasına nail olunub. İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov qeyd etdi ki, 2018-ci ildə əvvəlki illərlə müqayisədə qeyri-neft məhsullarının ixracı 9,8 faiz, sənaye məhsulları 6,2 faiz, kənd təsərrüfat və emalı məhsullarının ixracı 13,8 faiz, xarici ticarətlə məşğul olan subyektlərinin sayı isə 56,2 faiz artıb. İclasda dövlət büdcəsinin icrası ilə bağlı Hesabalama Palatasının hazırladığı rəy də təqim olundu. Palatanın sədri Vüqar Gülməmmədov dövlət satınalmalarının təhlili ilə bağlı rəyi açıqladı.

Dövlət Gömrük Komitəsinin baş idarə rəisi Mirqasım Vahabov büdcə ilə bağlı proqnozların artıqlaması ilə yerinə yetirildiyini, ötən il komitənin işində islahatlar aparıldığını dedi. Qeyd etdi ki,  gömrük sistemində Məmur-biznes subyektlərinin təmasları sıfıra endirilib, gömrük rüsumlarının alınması elektron bəyanetmə ilə qəbul olunur.

Qeyd edək ki, 2018-ci il üçün dövlət  büdcəsinin icrası haqqında qanun layihəsinə görə, icra  gəlirləri 22 milyard 509 milyon manat , xərcləri 22 milyard 732 milyon manat  məbləğində təsdiqlənib. Layihənin təqdimatından sonra deputatlar məsələyə münasibətlərini bildirdilər, bəzi sahələrdə icranın təkmilləşdirilməsi üçün təkliflərini səsləndirdilər. Dövlət büdcsənini icrasına dair qanun layihəsi birinci oxunuşda Milli Məclisə tövsiyə olundu. İclasda həm də dövlət rüsumu haqqında qanuna, sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması” haqqında qanunlara da dəyişikliklər müzakirə edildi.


Create Account



Log In Your Account