Aug 30 2019 18:10
Views: 287

Heydər Əliyev adına Neft Emalı Zavodunda yenidənqurma və modernizasiya işlərinin 2024-cü ilin sonu - 2025-ci ilin əvvələrinə qədər başa çatdırılması planlaşdırılır. Bu barədə zavodun yenidən qurulması və modernizasiyası layihəsinin rəhbəri Nihal Allahverdiyev məlumat verib. Onun sözlərinə görə, indi zavodda 6 qurğu istismardadır. Tədricən bu qurğuların sayı artacaq.

Layihənin birinci mərhələsi çərçivəsində inşa olunan Bitum istehsalı qurğusu və Maye qaz doldurma stansiyaları 2018-ci ilin sonunda istismara verilib. Neftin ilkin emalı qurğusunun inşasına 2020-ci ilin əvvəlində başlanılması planlaşdırılır. Bu qurğunun inşası 44 ay müddətində aparılacaq. 2021-ci ildən etibarən zavodda Avro-5 standartına uyğun yanacaq istehsalına başlanacaq.

Layihə rəhbəri bildirib ki, zavodun modernizasiya və yenidənqurma layihəsi çərçivəsində ekoloji standartlara ciddi əməl olunur. Müəssisədə çirkab suların təmizlənməsi qurğusu da inşa olunur. Bu qurğu zavodda Avro-5 standartına uyğun yanacaq istehsalına başlandığı zaman istismara veriləcək. Ümumilikdə layihə üzrə işlər qrafikə uyğun davam etdirilir.

Qeyd edək ki, Heydər Əliyev adına Neft Emalı Zavodunda əsasən Azərbaycan nefti emal edilərək 40 növədək neft məhsulları istehsal edilir. Hazırda zavodda yenidənqurma və modernizasiya layihəsi həyata keçirilir. Bu işlər nəticəsində zavodun illik emal gücünün 6 mln tondan 7,5 mln tona çatdırılması, “Avro -5” standartlarına cavab verən dizel və benzin istehsalı nəzərdə tutulur.


Create Account



Log In Your Account