Oct 03 2019 18:24
Views: 273

O, həm Azərbaycan, həm də Türkiyə parlamentinin deputatı olmuş yeganə insan idi. Onun zəngin ictimai fəaliyyəti hər iki ölkənin tarixində önəmli rola malik olub. Görkəmli ictimai xadim, publisist və tənqidçi, tanınmış hüquqşünas alim Əhməd bəy Ağaoğlunun anadan olmasının 150 illiyi qeyd olunub.
Tədbirdə dövlət və hökumət rəsmiləri, ictiamiyyət nümayəndələri, eləcə də Əhməd bəy Ağaoğlunun Türkiyədə yaşayan nəvə və nəticələri iştirak ediblər. 
Əhməd Bəy Ağaoğlu Azərbaycan milli oyanış hərəkatının daim ön sıralarında dayanan vətənpərvər şəxsiyyət, eyni zamanda, müsəlman Şərqində müasirləşmə siyasətinin ardıcıl tərəfdarı kimi tanınıb. Onun Azərbaycan və Türkiyədə təsis etdiyi qəzetlər hər iki ölkənin ictimai fikir tarixində mühüm rol oynayıb. Əhməd bəy 1906-cı ilin oktyabrında gizli “Qafqaz Ümummüsəlman Müdafiə Komitəsi” – “Difai”ni yaradır. Azərbaycanlılara qarşı qırğınları davam etdirən ermənilərlə danışıqların fayda vermədiyini görən Əhməd bəy, onlara öz üsulları ilə cavab verməyi qərara alır.
Əhməd bəy Ağaoğlunun adı Azərbaycanda maarifçilik, mətbuat tarixində də özünəməxsus yer tutur. 1918-ci ildə Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam ordusunun Bakını işğaldan azad etmək üçün Azərbaycana gəlməsində də Əhməd bəyin həlledici rolu olub. Türkiyənin istiqlal mücadiləsində də onun silinməz izi var. Azərbaycanın Macarıstandakı səfiri, Əhməd Ağaoğlu irsinin tədqiqatçısı Vilayət Quliyev bildirib ki, onda Əhməd bəy Ağaoğluna dair arxiv var.  Bakıda Əhməd bəyin muzeyini yaratmaq nəzərdə tutulur. Vilayət Quliyev qeyd edib ki, bundan sonra  həmin arxivi Bakıya gətirib muzeyə bağışlayacaq.
Əhməd bəy Ağaoğlu 1869-cu ildə Azərbaycanın qədim torpağı olan Şuşada anadan olub. Əvvəlcə Şuşada, ardınca Tiflisdə liseyi bitirən Əhməd bəy Ağaoğlu 1887-ci ilin avqustunda ali təhsil üçün Sankt-Peterburqa yollanıb. Daha sonra Fransada Sarbon universitetində oxuyan Əhməd bəy bir neçə xarici dili səlis bilirdi. Ömrünün böyük hissəsini Türkiyədə yaşayan görkəmli ictimai xadim 1939-cu il mayın 19-da İstanbulda vəfat edib. Burda dəfn olunub.


Create Account



Log In Your Account