Mar 11 2019 13:43
Views: 459

ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Azərbaycan prezidenti və Ermənistan baş nazirinin gözlənən görüşü ilə bağlı bəyanatı bir daha sübut edir ki, danışıqların formatı dəyişə bilməz. Politoloq Elxan Ələsgərovun sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyanın Brüsselə səfəri zamanı Avropa İttifaqının yüksək rəsmilərinin də bunu qeyd etməsi beynəlxalq təşkilatların bu məsələdə prinsipial mövqe tutduqlarını göstərir.

Ekspert hesab edir ki, bu baxımdan həmsədrlərin bəyanatı dərin məna kəsb edir və göstərir ki, qondarma “Dağlıq Qarabağ Respublikasının” nümayəndələri heç bir halda danışıqlar prosesində tərəf ola bilməz.

Ekspertlərin fikrincə, həmsədrlərin açıqlaması göstərir ki, danışıqların əsasını ATƏT-in Misk Qrupunun hazırladığı yol xəritəsi - Madrid prinsipləri təşkil etməlidir. Politoloq Elxan Ələsgərov deyir ki, bəyanat prezident İlham Əliyevin Ermənistan-Azərbaycan münaqişəsinin həllində prinsipial və qəti mövqeyinin nəticəsidir və rəsmi Bakının uğuru sayıla bilər.

Həmsədrlərin bəyanatında həmçinin münaqişənin həlli ilə əlaqədar atılmalı olan addımlar da qeyd edilir. Bildirilir ki, danışıqların əsasını işğal olunmuş ərazilərin azad edilməsi və məcburi köçkünlərin geri qayıtması təşkil edir. Danışıqların təməlində Helsinki Yekun Aktının dayanmalı olduğunu bildirən həmsədrlər qeyd edir ki, öz müqəddaratını təyin etmək ərazi bütövlüyünə zidd ola bilməz.

Azərbaycan tərəfi də həmsədrlərin bəyanatını müsbət qarşılayıb. Xarici İşlər Nazirliyinin sözçüsü Leyla Abdullayeva bildirib ki, Azərbaycan tərəfi münaqişənin nəticəyə yönəlik və intensiv danışıqlar yolu ilə həlli istiqamətində həmsədrlərin səylərini dəstəkləyir.

“Minsk qrupunun həmsədrlərinin bu açıqlaması Ermənistana verilən bir siqnaldir, biz bunu alqışlayırıq. Prezident İlham Əliyev Minsk qrupunun həmsədrlərini qəbul edərkən ölkəmizin bu səpkidə mövqeyini həmsədrlərin diqqətinə çatdırmışdı. Münaqişənin həlli üzrə danışıqlar Ermənistan və Azərbaycan arasında aparılır. Danışıqların formatı dəyişilməz olaraq qalır. Ölkəmizin işğal edimiş ərazilərində yaradılmış qondarma rejimin danışıqlara cəlb edilməsi və formatın dəyişdirilməsi cəhdləri qəbuledilməzdir”.

Leyla Abdullayevanın sözlərinə görə, Dağlıq Qarabağın statusuna gəldikdə bu, Azərbaycanın ərazi bütövlüyünə xələl gətirmədən müzakirə mövzusu ola bilər. Azərbaycan bu xüsusda mövqeyini dəfələrlə açıqlayaraq bildirib ki, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağın statusunu bu bölgənin hər iki icması – azərbaycanlı və erməni icması müəyyən etməlidir.

 


Create Account



Log In Your Account