Jan 22 2019 18:06
Views: 632

Azərbaycanda kommersiya hüquqi şəxslərin qeydiyyatı proseduru daha da sadələşdirilib. Belə ki, cari ilin əvvəlindən başlayaraq ƏDV qeydiyyatı və bank hesabının açılması da daxil olmaqla dövlət qeydiyyatının aparılmasının bir prosedurla tamamlanması mümkündür. Bunu Vergilər Nazirliyinin Dövlət qeydiyyatı və uçota nəzarət departamentinin baş direktoru Ələkbər Məmmədov deyib. Bildirib ki, Qeydiyyatın həyata keçirilməsi üçün e-ərizənin elektron imza ilə təsdiq edilməsi zərurəti aradan qaldırılıb, eləcə də qeydiyyatla bağlı əvvəllər mövcud olan bütün prosedurlar ləğv olunub. Nəticədə hüquqi şəxsin qeydiyyatı prosedurlarının sayı 3-dən 1-ə, müddət isə 20 dəqiqəyə düşüb, biznesə başlamaq üçün maliyyə vəsaiti və sənəd sayı sıfıra endirilib.

Yeni xidmətdən yararlanmaq istəyən istifadəçilər elektron imza olmadan “İnternet Vergi İdarəsi”nə daxil olaraq elektron qeydiyyat sistemində FİN kodla indentifikasiyadan keçəcəklər. Nazirlik rəsmisi qeyd edib ki, bu il yanvarın 1-nə olan məlumata görə, ölkədə vergi ödəyicilərinin sayı 970 min 340 nəfərə çatıb. Bunların 125 min 144-ü hüquqi, 845 196-sı isə fiziki şəxsdir. Qeydiyyat prosedurlarının asanlaşması vergi ödəyicilərinin sayına müsbət təsir göstərib.

Qeyd olunub ki ki, yeni qeydiyyat sistemindən yararlanmaq istəyənlərə yardım məqsədilə “İnternet Vergi İdarəsi”ndə “Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin e-qeydiyyatı” Təlimatı  yerləşdirilib. Bu addım vergi qanunvericiliyində sahibkarlığın dəstəklənməsi ilə bağlı aparılan son dəyişikliklərin davamıdır və ölkədə biznes mühitinin əlverişliliyinin daha da yaxşılaşdırılmasına xidmət edir. Aparılmış islahat ölkəmizin “Doing Business” hesabatında mövqelərinə də müsbət təsir edəcək. İndi  “Doing Business 2019” hesabatında Azərbaycan “Biznesə Başlama” indikatoru üzrə 190 ölkə arasında 9-cu yerdədir. Bu, bir il əvvəllə müqayisədə 9 pillə irəliləyiş deməkdir.


Create Account



Log In Your Account