Sep 07 2018 19:31
Views: 588

Özbəkistanın Qaşqadərya vilayətinin Şəhrisəbz şəhəri yalnız bu ölkə üçün deyil, bütün türk dünyası üçün tarixi məkandır. Tarixin böyük sərkərdələrindən biri Əmir Teymur 1336-cı ildə məhz burda dünyaya gəlib. Amma bu gün Şəhrisəbz başqa səbəbdən dünyanın diqqət mərkəzindədir. İlk dəfə burada beynəlxalq muğam forumu keçirilir.
Şəhrisəbz Beynəlxalq Muğam Forumunun təşəbbüskarı şəxsən ölkə prezidenti Şavkat Mirziyoyevdir. Forum iki hissədən  - ifaçıların müsabiqəsindən və elmi-praktiki konfransdan ibarətdir. Azərbaycanın həm muğam ifaçıları, həm də musiqişünas alimləri ilə forumda iştirak edir. 
Tarzən Sahib Paşazadənin rəhbərlik etdiyi “Muğam” ansamblı ölkəmizi müsabiqədə təmsil edəcək. Bakı Musiqi Akademiyasının prorektoru Lalə Hüseynova, akademiyanın professoru Fəxrəddin Paşayev və muğamşünas alim Sənubər Bağırova isə elmi praktiki konfransda muğam sənətinin sirləri barədə məruzə ilə çıxış edəcəklər.
Forum çərçivəsində konsertlər Şəhrisəbz şəhərinin ən qədim məkanında Əmir Teymurun tikdirdiyi Ağsarayın yaxınlığında, onun möhtəşəm abidəsinin qarşısında quraşdırılan səhnədə olacaq.
Dünyanın 20-dən çox ölkəsindən musiqi kollektivləri və qrupların qatıldığı müsabiqədə favoritlər sırasında Azərbaycanlı ifaçıların adı çəkilir. Müsabiqədən kənar da çox sayda ifaçı çıxış edəcək. Ümumilikdə forumda təmsil olunan ölkələrin sayı 70-ə qədərdir.
Müsabiqədə Qran pri ilə yanaşı, ilk üç yerin sahibi də mükafatlandırılacaq. Bundan əlavə, xüsusi mükafatlar da nəzərdə tutulur. Bunlar “Ən yaxşı muğam ifaçısı”, “Ən yaxşı instrumental muğam ifaçısı”, «Ən yaxşı gənc ifaçı” və digər nominasiyalardır. Beynəlxalq forumun hər 2 ildən bir Şəhrisəbzdə təşkil edilməsi nəzərdə tutulur.


Create Account



Log In Your Account