Dec 17 2018 18:46
Views: 595

Avrasiya bölgəsində yerləşən ölkələr arasında hüquqların müdafiəsi sahəsində iş birliyini artımaq üçün bu ölkələrin mütəxəssisləri Azərbaycandadır. Bakıda keçirilən 2-ci Avrasiya Hüquq Qurultayının əsas məqsədi türk və İslam ölkələri arasında hüquqi iş birliyini gücləndirmək, terrora qarşı beynəlxalq mübarizədə hüquqşünasların gücünü birləşdirməkdən ibarətdir. Məhz bu səbəbdən ikinci qurultayın müzakirə mövzuları sırasında beynəlxalq təhlükəsizlik, terrora qarşı mübarizə, silahsızlaşma kimi mövzulara yer verilib.

Simpozium dünyada insanlıq əleyhinə törədilən cinayətlər və soyqırımlar mövzusunu da gündəmdə saxlayır. Ədliyyə nazirinin müavini Azər Cəfərov bildirib ki, son hadisələr, o cümlədən ötən həftə Strasburqda terror aktının baş verməsi bu ümumbəşəri bəla ilə mübarizədə yeni mexanizmlərin tapıb tətbiq edilməsinə, birgə səyləri daha da gücləndirməyi daha vacib edir. Lakin bu mübarizə hüquq çərçivəsində olmalıdır. Azərbaycan universal və regional konvensiyalardan irəli gələn tələbləri vicdanla yerinə yetirməklə kifayətlənməyərək, ekstradisiya və hüquqi yardım haqqında xüsusi qanunlar da qəbul edib.

“Bunlar xarici tərəfdaşlarla əməkdaşlıq müqaviləsi olmadan belə, həyata keçirməyə imkan verir, bütövlükdə terrorun qarşısının alınması üçün əlavə mexanizmdir. “FETÖ” terror təşkilatının üzvlərinin ifşa edilərək Türkiyəyə təhvil verilməsi bu sahədə əməkdaşlığın yaxşı təcrübələrindəndir”.

Türkiyənin ədliyyə nazirinin müavini Yıldız Seferinoğlu qeyd etdi ki, Türkiyə illərdir ki, hər cür terrorla mücadilə aparır. Və bu  sahədə qazandığı təcrübəni dost ölkələrdə bölüşməyə hazırdır. Bu baxımdan, Türkiyə terrora qarşı mübarizədə Azərbaycanın atdığı bütün addımları daim dəstəkləyəcək.

Tədbirdə çıxış edən qonaqlar da vurğuladılar ki, beynəlxalq terrora qarşı mübarizədə bütün ölkələr birləşməlidir. Məhz buna görə Avrasiya Hüquq Qurultayının yaratdığı bu cür platformalara böyük ehtiyac var.

Qeyd olundu ki, Rusiya, Türkiyə, Ukrayna, Belarus, Gürcüstan və digər ölkələrin hüquqşünaslarını bir araya gətirən ikinci qurultay hüquqi sahədə yeni ideya və təcrübələrin formalaşmasına öz  növbəti töhfəsini verəcək. İki gün davam edəcək qurultayda 40 ölkədən 250-ə yaxın nümayəndə iştirak edir.

 


Create Account



Log In Your Account