Mar 11 2019 18:10
Views: 261

 Bu gündən ölkəmizdə ilk dəfə olaraq “Kibertəhlükəsizlik həftəsi” keçirilir. Tədbirin məqsədi kibertəhlükəsizlik sahəsində əlaqəli fəaliyyətin səmərəliliyinin və maarifləndirmə səviyyəsinin artırılması, habelə ümummilli hazırlığın yüksəldilməsinə nail olmaqdır. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən həftə ərzində bir neçə maraqlı tədbirlər planlaşdırılır.

Tədbirlərdə nazirliklə yanaşı, aparıcı yerli və beynəlxalq şirkətlər iştirak edir. Bu gün “Microsoft Azerbaijan” şirkəti ilə birlikdə İlk tədbir - “Kibertəhlükəsizlik həlli üzrə seminar” baş tutub.  Tədbirdə dünyada və Azərbaycanda olan müasir kibertəhlükələr haqqında statistika və analizlər barədə ətraflı məlumat verilib. Seminarda korporativ mühitdə istifadə edilən qurğuların kibertəhlükələrdən mühafizəsi, inventarlaşdırılması, yenilənməsi, onlara proqramların quraşdırılması, login və parolların kibermüdafiəsi, məlumatı avtomatik təsnifləmək, şifrləmək, təhlükəsiz paylaşma üsulları öyrədilib.

“Kibertəhlükəsizlik həftəsi” çərçivəsində “Hackathon” müsabiqəsi də təşkil olunub. Burada informasiya sistemlərinə edilən müdaxilələri aşkar edən unikal monitorinq sisteminə dair həllər təqdim ediləcək. Yarışa komanda və ya fərdi şəkildə qoşulanlar var. “Hackathon” yarışlarının məqsədi potensiallı gənclərin bir mühitdə toplanması, informasiya texnologiyaları üzrə bilik və bacarıqların inkişaf etdirilməsi, müvafiq tapşırıqların komanda şəklində həyata keçirilməsi, maraqlı və innovativ layihələrin meydana gəlməsinə şərait yaratmaqdır.

“Kibertəhlükəsizlik həftəsi”nin əsas tədbirlərindən biri də altıncı “Regional internet idarəçilik forumudur. “Kibertəhlükəsizlik: bizim ortaq məsuliyyətimiz” mövzusuna həsr olunan Foruma təkcə ölkəmizin deyil, eyni zamanda, region ölkələri və nüfuzlu beynəlxalq təşkilatların da nümayəndələri cəlb olunacaqlar. Bu tədbir təcrübə mübadiləsi və əməkdaşlıq qurulması, bu sahədə mövcud vəziyyətin, qarşıya qoyulmuş vəzifələrin birgə müzakirəsi və maraqlı innovativ layihələrin nümayişi üçün faydalı platformadır.

Martın 13-də keçiriləcək Regional İnternet İdarəçilik Forumunda “Regionun Kibertəhlükəsizlik Məsələləri”, “Kibertəhlükəsizlik və Beynəlxalq Hüquq”, “Kibertəhlükəsizliyin İnnovativ Həlləri”, “kimi mövzularda sessiyalar təşkil olunacaq. Müzakirələrdə hökumət, biznes, diplomatik korpusların səlahiyyətli nümayəndələri, elm və vətəndaş cəmiyyətinin, internet ictimaiyyətinin mütəxəssisləri iştirak edəcəklər.

 

 


Create Account



Log In Your Account