Apr 02 2019 16:38
Views: 253

Bu gün Kəlbəcərin işğalının 26-cı ldönümüdür. 1993-cü il aprelin 2-də Azərbaycanın Kəlbəcər rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin xaricində yerləşən Kəlbəcərin işğalı üçün hücum əməliyyatı əsasən Ermənistan ərazisindən həyata keçirilib və işğal zamanı Ermənistanın ağır artilleriyası, Mi-24 helikopterləri və hərbi təyyarələri istifadə edilib. İşğal nəticəsində 60 minə qədər Kəlbəcər sakini etnik təmizləməyə məruz qalaraq öz doğma torpaqlarından didərgin salınıb, 511 dinc sakin öldürülüb, 321 nəfər əsir götürülüb və itkin düşüb. Hazırda sayı 70 mini ötən Kəlbəcər sakini Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün vəziyyətində yaşayır.

Erməni işğalı Kəlbəcərin qədim və zəngin maddi-mədəni irsini məhv edib, bölgədə yerləşən və Azərbaycanın qədim alban xristian irsinə aid olan monastrların original arxitektur xüsusiyyətləri dəyişdirilərək erməniləşdirilib. Kəlbəcərin təbii resursları və faydalı qazıntıları qanunsuz istismar olunur. Lixtenşteyndə qeydiyyatda olan və Ermənistanın Vallex Qrupunun tərkibinə daxil olan Base Metals şirkəti 2002-ci ildən etibarən Kəlbəcərin Heyvalı kəndi yaxınlığında Qızılbulaq mis-qızıl yatağını qanunsuz olaraq istismar edir. 2007-ci ildən etibarən GeoProMining şirkətinə daxil olan GPM Gold şirkəti Kəlbəcər ərazisində Söyüdlü qızıl yatağını istismar edir. Peyk vasitəsilə çəkilmiş şəkillər yataqda işlərin genişləndirildiyindən xəbər verir. Kəlbəcər ərazisindən keçən Vardenis-Ağdərə yolu Kəlbəcər rayonu daxil olmaqla, işğal olunmuş ərazilərdən təbii sərvətlərin Ermənistana və beynəlxalq bazarlara daşınmasına xidmət edir. Bütün bunlarla yanaşı, Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonu ərazisində qanunsuz məskunlaşdırma aparılır və demoqrafik tərkib dəyişdirilir.

BMT Təhlükəsizlik Şurası Kəlbəcərin işğalı ilə əlaqədar 822 saylı qətnamə qəbul edib. Qətnamədə BMT TŞ ərazi əldə edilməsi üçün gücdən istifadənin qəbul edilməzliyini vurğulayaraq, işğalçı qüvvələrin dərhal işğal olunmuş Kəlbəcər və digər rayonlardan çıxarılmasını tələb olunur. Lakin Ermənistan bu günədək BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin tələblərinə əməl etmir. Xarici aİşlər Nazirliyinin bu gün yaydığı bəyanatda vurğulanır ki, Kəlbəcər də daxil olmaqla, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı müvəqqəti xarakter daşıyır. Davamlı və uzunmüddətli sülhə nail olunmasının yeganə yolu Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz və tamamilə çıxarılması, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmaları üçün ayrılmaz hüquqlarının təmin edilməsidir. Və Ermənistan tərəfi bunu nəhayət dərk etməlidir. Ermənistan tərəfi əbəs yerə vaxt itirmək və öz xalqı və beynəlxalq ictimaiyyəti aldatmaq əvəzinə təcavüz və etnik təmizləmə siyasətinə son qoymalı, beynəlxalq öhdəliklərinə, habelə Azərbaycanın ərazilərinin işğaldan azad olunmasını tələb edən BMT qətnamələrinə və digər beynəlxalq təşkilatların qərarlarına əməl etməlidir.

 


Create Account



Log In Your Account