Mar 05 2019 18:10
Views: 226

Azərbaycan kəndlərində  aqrobizneslə məşğul olan fermer qadınlar  Azərbaycan Kənd Qadınları Assosiasiyasında birləşiblər. Yeni yaradılan Assosiasiya  ölkədə Qadın İnkişaf Qruplarının milli şəbəkəsi kimi fəaliyyət göstərəcək. Artıq şəbəkədə Azərbaycanın müxtəlif  bölgələrindən 350 qadın qeydiyyata alınıb. Yeni Assosiasiya onlara öz bizneslərinin  həcmini və  miqyasını  genişləndirməyə imkan verəcək. Eyni zamanda, fermer qadınlara həm resurslar tapmaq, həm də  öz məhsullarını satmaqda kömək göstərəcək. İndiyədək 361 qadını əhatə edən 30 Qadın İnkişaf Qrupu yaradılıb. Onlardan 17-si artıq özlərinin aqrobizneslərini  yaradıb. Hər qrupda 10-12 nəfər fəaliyyət göstərir.

Bu il martın sonuna kimi  Assosiasiyaya 500 kənd qadınını özündə birləşdirən 40 qadın inkişaf qrupunun  üzv olacağı gözlənilir. Fermer qadınlara öz bizneslərini qurmaq üçün Aqrar Kredit və İnkişaf Agentliyi də yardım edəcək. Agentliyinin sədri  Mirzə Əliyev bu günə qədər  qadın qruplarına  müxtəlif maliyyə dəstəyinin verildiyini, maliyyə savadlılığı, biznes və həyat bacarıqları üzrə  təlimlər keçirildiyini deyir. Mirzə Əliyevin sözlərinə görə, hazırda  fermer qadınların bizneslərinin qurulmasında yeni maliyyələşdirmə mexanizmi tətbiq olunur.

Kənd təsərrüfatı naziri İnam Kərimov öz bizneslərini qurmaq üçün hər cür yardım göstəriləcəyini bildirib. Əminliyini bildirib ki, bu yardım xanım fermerlərə daha dayanıqlı biznes qurmağa kömək edəcək.

 


Create Account



Log In Your Account