Jan 18 2021 19:17
Views: 252

Bu gündən Azərbaycanda koronavirusa qarşı vaksinasiyanın birinci mərhələsi başlayıb. Ilk olaraq səhiyyə naziri Oqtay Şirəliyev, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev,TƏBİB-in rəhbəri Ramin Bayramlı, səhiyyə nazirliyi və TƏBİB-in digər rəhbər şəxsləri peyvənd olunublar. Azərbaycan COVAX platformasında iştirak edir, eyni zamanda vaksinlərin əldə edilməsi üçün ikitərəfli razılaşmalarda iştirak edir. Azərbaycan COVAX platforması çərçivəsində “Sinovac” şirkətinin “CoronaVac” vaksinini alıb. Səhiyyə naziri Oqtay Şirəliyev bildirib ki, aparılan araşdırmalardan sonra ölkəmiz Sinovac şirkətinin hazırladığı peyvəndi almağı qərara alıb. Türkiyədə də bu peyvəndin istifadə edildiyini deyən nazir qeyd edib ki, preparat effektiv və təhlükəsizdir. Birinci mərhələdə səhiyyə işçiləri, 65 yaşdan yuxarı şəxslər, hüquq-mühafizə orqanlarının əks-epidemik tədbirlərə cəlb olunan heyəti peyvənd ediləcək. fevralın 1-dən start veriləcək ikinci mərhələdə isə tibbi cəhətdən yüksək risk qrupu, 50 yaş və daha yuxarı ən az bir xroniki xəstəliyi olan şəxslər, təhsil və sosial sektorda çalışanlar, sosial müəssisələrdə daimi yaşayanlar, ASAN Xidmət və DOST mərkəzləri, ictimai nəqliyyat sektorunun, telekommunikasiya operatorları və provayderlərinin və poçt sahəsində birbaşa əhali ilə təmasda olan işçilərin və bank sektorunun birbaşa əhali ilə təmasda olan hissəsi, eyni zamanda yüksək riskli şəraitli işlərdə çalışan şəxslərə peyvənd vurulacaq. Azərbaycan ümumilikdə “Sinovac” şirkətinə 4 milyon doza vaksin sifariş edib. Vaksinlər əvvəlcə Türkiyəyə, orada müəyyən laborator mərhələlərdən keçdikdən sonra Azərbaycana gətiriləcək. “Sinovac” şirkətinin “CoronaVac” vaksini 91.25 faiz effektivdir.


Create Account



Log In Your Account