Apr 13 2019 16:47
Views: 311

Nağıllar aləmi və gerçək həyat... Heydər Əliyev adına sarayın səhnəsində rusiyalı incəsənət ustalarının ifasında nümayiş olunan “Min bir gecə” baleti tamaşaçıları bu iki dünya arasında qoyub. “Krem baleti”nin artistləri Bakı tamaşaçılarına sirlərlə dolu şərqin klassik musiqi və rəqslə harmoniyasını təqdim edib.

Bakıda keçirilən Rusiya mədəniyyət güləri çərçivəsində təqdim olunan tamaşa həm də görkəmli fırça ustası, Azərbaycanın xalq rəssamı Tahir Salahovun 90 illiyinə həsr olunub. Tamaşanın quruluşçu rəssamı məhz Tahir Salahovdur.

Azərbaycanda Rusiya mədəniyyət günlərinin keçirilməsi hər iki ölkənin mədəniyyət nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə baş tutub. Layihənin məqsədi iki ölkə arasında tarixi dostluq əlaqələrinin daha da inkişafı və dərinləşdirlməsidir.

Görkəmli bəstəkar, SSRİ-nin xalq artisti Fikrət Əmirovun “Min bir gecə” baleti ilk dəfə 1979-cu ildə Azərbaycan Akademik Opera və Balet teatrının səhnəsində nümayiş olunub. qısa müddətdə bu əsər bir çox ölkənin teatrlarının səhnəsində təqdim edilib.  Bu illər ərzində geyimlər və dekorasiyalar, ifaçılar dəyişsə də, əsər səhnədən düşməyib və əvvəlki kimi tamaşaçı alqışı qazanıb. Baletin librettosunun müəlliflərindən biri tanınmış dramaturq, Azərbaycanın xalq yazıçısı Maqsud İbrahimbəyov olub.

Fikrət Əmirovun dünya musiqi sənəti xəzinəsinə daxil olan “Min bir gecə” baleti “Kreml baleti” teatrında 2010-cu ildə Azərbaycan və Rusiya Mədəniyyət nazirliklərinin birgə dəstəyi ilə səhnələşdirilib və o vaxtdan bəri həm Rusiya, həm də xarici ölkələrin müxtəlif səhnələrində uğurla nümayiş etdirilir.Baletin quruluşçu xoreoqrafı “Kreml baleti”nin bədii rəhbəri, Rusiyanın Xalq artisti Andrey Petrov, geyimlər üzrə rəssamı Olqa Polyanskayadır.

Yüzlərlə dəfə nümayiş olunan Min Bir Gecə baleti yeni quruluşda, yeni səhnə tərtibatı ilə yenidən tamaçaşıların qəlblərini fəth edir. Bu gün də illər əvvəl olduğu kimi gur alqışlarla qarşılanır.


Create Account



Log In Your Account