Oct 31 2019 16:25
Views: 339

Xalq rəssamı Arif Hüseynovun növbəti fərdi sərgisi ziyarətçilərin ixtiyarına verilib. “Kitab qrafikası” adlı sərgi İmadəddin Nəsiminin anadan olmasının 650 illiyinə həsr olunub. Sərgidə rəssamın “Nəsimi Dünyası” adlı silsilə rəsm əsərlərindən əlavə daha öncə çəkdiyi əsərlər də nümayiş olunub. Bu əsərlərin fərqliliyi sadəcə obrazlarda deyil, həm də rəssamın müvafiq şeir, poema, dastanlarla daha yaxından tanışlığının kətan üzərində təzahüründədir.

Tədbirdə vurğulanıb ki, Arif Hüseynov bəzən ən çətin işləri belə üzərinə götürərək, səs-küylü əsərlərin müəllifinə çevrilib. Mirzə Ələkbər Sabirin “Hophopnamə”sinə çəkdiyi qrafik rəsmlər 80-ci illərdə bir növ partlayış effektini verib. Belə ki, dahi Sabirin əsərlərinə ilk rəsmlər Əzimzadə imzası ilə məşhurlaşmışdı. Adlı-sanlı rəssamdan sonra yenidən bu mövzuya müraciət etmək o zaman istedad və özünə inamdan başqa,həm də cəsarət tələb edirdi. Amma Arif Hüseynov bu imtahandan da uğurla çıxaraq adını qrafika janrına qızıl hərflərlə yazdırmağı bacarıb.

Sərgidə nümayiş olunan özünəməxsus düşündürücü əsərlər Nəsimi nəzmini daha vizual anlamağa yardımçı olur.  “Azərkitab” kitab mərkəzində baş tutan sərgidə həmçinin “Arif Hüseynov-qrafika” kitabının təqdimatı olub.

Sərgi 1 ay açıq olacaq və bu müddətdə mütəffəkkir, şair və ədiblərlə ədəbi gecələr  təşkil olunacaq.


Create Account



Log In Your Account