Jan 17 2019 18:40
Views: 520

Mədəniyyət Nazirliyinin nəzdindəki kitabxanaların ləğvi və bu sahədə yeni sistemin yaradılacağı ilə əlaqədar “Kitabxana işi haqqında” qanuna yenidən baxıla bilər. Bu haqda Milli Məclisin mədəniyyət komitəsinin iclasında komitənin sədri Rəfael Hüseynov  məlumat verdi. Onun sözlərinə görə, Mədəniyyət Nazirliyinin tabeliyində həm xırda kitabxanalar, həm də respublika miqyaslı böyük kitabxanalar da var. 
“Onların hamısının fəaliyyətində artıq tamamilə yeni dövrün xüsusiyyətlərinə uyğun dəyişikliklər baş verəcək. Düşünürəm ki, bunlar ölkə əhalisinin mütaliə və bilik əldə etməsi imkanlarını xeyli genişləndirəcək. Odur ki, yaxın zamanlarda “Kitabxana işi haqqında” qanun müzakirə olunacaq. Yeni situasiyaya uyğun olaraq təkliflərimizi verəcəyik”.
Komitə üzvləri ölkənin bütün ərazisini əhatə edəcək kitabxana sisteminin yaradılması ilə bağlı qərarı dəstəkləyərək bu işi bölgələrdə gücləndirməyə ehtiyac olduğunu dedilər. Kitabların qiymətlərinin bahalaşmasının qarşısını almaq məqsədilə xaricdən gətirilən çap məhsullarının ƏDV-dən azad olunması da təklif edildi.  
İclasda 2019-cu ilin yaz sessiyasında mədəniyyət komitəsinin təqdim edəcəyi qanun layihələri barədə məlumat verildi. Bu sessiya “Muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında”, ”Aşıq sənətinin qorunması və inkişaf etdirilməsi” ilə bağlı qanun layihələrinin müzakirəyə hazır olduğu qeyd olundu. Bundan əlavə, sessiya dövründə “Kinematoqrafiya haqqında” yeni qanunun da gündəmə gətiriləcəyi gözlənilir.


Create Account



Log In Your Account