Dec 04 2019 20:05
Views: 194

SOCAR Türkiyənin İzmirin Əliağa yarımadasında yerləşən meqalayihələrinin  inteqrasiyası tamamlanıb. Artıq ötən Aydan bu layihələr vahid bir şirkət kimi idarə olunur. Bu sinerji modelinə keçmək üzərində 1 il iş aparılıb. Yeni modelə görə STAR NEZ, Petkim kimi iri şirkətlər hüquqi olaraq birləşməyib, lakin idarəetmə eyni mərkəzdən aparılır. Yeni vəzifəsi SOCAR Türkiyənin neft-kimya və neft emalı üzrə rəhbəri adlandırılan Anar Məmmədov dəyişiklik zərurətini belə izah edir.
Emal və neft-kimya sahələrinin inteqrasiyasını həyata keçirən STAR NEZ eyni zamanda Türkiyənin ilk “Strateji İnvestisiya Təşviq Sənədi”nə də sahibdir. Bu, son 60 ildə Türkiyədə inşa edilən ilk yeni neft emalı zavodudur. STAR NEZ Türkiyənin emal olunmuş neftə olan ehtiyacının 25%-ni  təmin edir. Zavod 1 il əvvəl istifadəyə verilib, bu ilin sentyabrından isə tam gücü ilə işləyir, STAR işə düşənədək PETKİM üçün ildə 2 milyon ton nafta idxal edilirdi. Artıq STAR Petkimin nefta ehtiyacını tam ödədiyindən idxala pul xərclənmir.
Star zavodunda 20 ayri ayri müəssisənin fəaliyyəti nəticəsində neft emal olunur. İstehsal olunan məhsulların daşınması üçün 8 yanalma körpüsü var. Məhsullar dəniz yolu ilə, boru vasitəsilə, quru yolu üzərindən isə yük avtomobilləri ilə daşınır. Gələcəkdə dəmir yolu vasitəsilə daşınma da nəzərdə tutulub. STAR zavodu daxili bazarı tələbatını ödəməklə yanaşı məhsullarını Aralıq dənizi və Şimalı Avropa ölkələrinə də ixrac edir. Müəssisənin uzunmüddətli hədəfi məhsullarını tam həcmdə daxili bazarda reallaşdırmaqdır. Məsələn, Star işə başlayandan Türkiyədə dizel yanacağı idxalı 40 faiz azalıb. Təyyarə yanacağı istehsalı isə daxili bazarda öz yerini dərhal tapıb. İstanbul Yeni hava limanını məhz Star yanacaqla təmin edir.   
 “SOCAR Aviation” İstanbul aeroportunun illik 700 000 tonluq təyyarə yanacağı üçün elan etdiyi tenderin qalibidir. Gələcəkdə STAR-ın müştəriləri arasında digər hava limanları da yer ala bilər. Türkiyədə təyyarə yanacağına illik tələbat 5 milyon ton civarındadır. Turizm sektorunun genişlənməsi və İstanbul Hava Limanı kimi böyük bir istehlakçının meydana çıxması ilə bu tələbatın 6-6,5 milyon tona yüksəlməsi gözlənilir. Lakin bazara STAR NEZ-in 1,6 milyon tonluq istehsalı daxil olması sayəsində 7-8 ildən sonra Türkiyədə təyyarə yanacağı idxalına ehtiyac qalmayacağı ehtimal edilir.
STAR NEZ-in istehsal etdiyi məhsullar daxili bazarı hədəflədiyi üçün yalnız 1 məhsul-reformat ixrac edilir. Lakin Socar-Türkiyənin nəzərdə tutduğu ikinci neft-kimya müəssisəsi işə başlayanda, reformat məhz bu zavod üçün istehsal olunacaq. Yeni neft kimya kompleksi ilə bağlı hələ ki, texniki dəqiqləşdirmələr aparılır. Bu investisiya da digər layihələr kimi strateji əhəmiyyət daşıyacaq. Obyektin fəaliyyətə başlaması ilə Türkiyənin saf tereftal turşusu (PTA) idxalına tamamilə son qoyulacaq. 1,8 milyard dollar sərmayə qoyulması ehtimal edilən layihə üzrə sahə işlərinin 2020-ci ildə başlayacağı planlaşdırılır.   yekun investisiya qərarının 2020-ci ildə verilməsi, 2023-cü ildə isə obyektin istismara başlaması nəzərdə tutulur.


Create Account



Log In Your Account