Mar 23 2018 18:28
Views: 551

Pakistanın Azərbaycandakı səfirliyində ölkənin milli bayramı münasibətilə təşkil olunan tədbir dövlət bayrağının qaldırılması ilə başladı. Səfir Səid Xan Mohmand dövlət himninin sədaları altında Pakistan bayrağını qaldırdı.

1940-cı ilin məhz bu günündə “Britaniya Hindistanının Müsəlman Liqasının” 27-ci sessiyası zamanı “Lahor qətnaməsi” adlandırılan sənəd qəbul edilib. Sonradan Hindistan milli konqresi rədd etsə də, bu sənədlə Pakistan müstəqillik yolunda ilk tutarlı addımı atıb. Qətnamə Britaniya Hindistanının süqutuna səbəb olub.

Lahor qətnaməsinin qəbulu günü Pakistanda milli bayram kimi qeyd olunur. Ənənəyə uyğun olaraq bu gün paytaxt İslamabadda 31, əyalət mərkəzlərində isə 21 artilleriya atəşi açılır. Bayram təntənəli hərbi paradla davam edir. Pakistanlılar bu günü sevinclə qeyd edirlər.

Pakistanla Azərbaycan arasında yüksək səviyyəli  münasibətlər mövcuddur. Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biridir. Rəsmi İslamabad Dağlıq Qarabağ məsələsində hər zaman Azərbaycanın mövqeyini dəstəkləyib. Bu səbəbdən Ermənistanla heç bir diplomatik münasibətlər qurmayıb. Azərbaycan isə öz növbəsində Kəşmir məsələsində Pakistanın ərazi bütövlüyünə dəstək verir. Eyni zamanda bu ölkədə bir sıra humanitar layihələr icra olunur. Son illərdə Azərbaycanla Pakistan arasında hərbi, hərbi sənaye, humanitar, iqtisadiyyat sahələrində əlaqələr genişlənir. İki ölkə arasında turizm sektorunda əməkdaşlığı gücləndirmək üçün bu ilin iyulunda İslamabad-Bakı birbaşa aviareysinin açılması nəzərdə tutulur. 200 milyona yaxın əhalisi olan Pakistan müsəlman dünyasında yeganə nüvə dövlətidir.


Create Account



Log In Your Account