May 18 2019 19:50
Views: 758

Ermənistan silahlı qüvvələrinin Azərbaycanın strateji cəhətdən mühüm əhəmiyyət kəsb edən Laçın rayonunu işğal etməsindən 27 il ötür. Ermənistan ordusu 1992-ci il mayın 18-də Şuşa şəhərinin Turşsu ərazisindən və Ermənistan istiqamətindən hücum edərək Laçını ələ keçirib. İşğal nəticəsində 63 min 341 Azərbaycan vətəndaşı öz evini tərk etməyə məcbur olub. 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. 
Laçının ititirlməsində o dövrdə Azərbaycanda gedən hakimiyyət uğrunda daxili çəkişmələr də az rol oynamayıb. Azərbaycan əsgərləri Laçının müdafiəsi uğrunda sonadək döyüşsə də, hərbi qüvvələrin fəaliyyətinin düzgün koordinasiya olunmaması işğalın sürətlənməsinə şərait yaratdı.
Laçının itirilməsi ilə Azərbaycan müharibədə strateji əhəmiyyətli ərazilərdən biri üzərində nəzarəti əldən verdi ki, bu da proseslərin sonrakı gedişinə ciddi təsir göstərdi. Əhəmiyyətli geostrateji mövqeyə malik Laçının işğalı Azərbaycana hərbi, həm də iqtisadi baxımdan böyük ziyan vurdu. Ekspertlər hesab edirlər ki, əgər Azərbaycanda nizami ordu olsaydı, işğalın qarşısını almaq mümkün idi.
Xarici İşlər Nazirliyinin Laçının işğalının 27-ci ildönümü ilə yaydığı bəyanatla bildirilir ki, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünün bərpa edilməsi, Laçın, habelə ölkənin digər işğal olunmuş rayonlarından olan məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmaq kimi hüquqlarının təmin edilməsi və münaqişənin ağır fəsadlarının aradan qaldırılması beynəlxalq ictimaiyyətinin öhdəliyi olmaqla yanaşı, BMT Nizamnaməsində təsbit edildiyi kimi Azərbaycan dövlətinin ayrılmaz hüququdur.


Create Account



Log In Your Account