Dec 25 2018 19:09
Views: 581

Daha bir beynəlxalq nəqliyyat marşrutu ilə yüklərin Azərbaycandan keçərək qısa zamanda Avropaya çatdırılması mümkün olacaq. Lapis-Lazuli adlandırılan xətt ilə daşınan ilk yüklər Azərbaycana gətirilib. 
Dekabırın 13-də Əfqanıstandan yola düşən 9 TIR Türkmənistandan keçərək dəniz yolu ilə Ələt limanına çatdırılıb. Bakı Dəniz Ticarət Limanından isə yüklər quru yolu ilə Gürcüstana, daha sonra Türkiyəyə, ordan da Avropaya daşınması nəzərdə tutulub. İlk partiyada gələn yüklər əsasən pambıq, küncüt, quru meyvə və digər məhsullar olub. 
Yeni marşrutla ilk yüklərin qarşılanması mərasimində Türkiyə və Əfqanıstanın Azərbaycandakı səfirləri, Gürcüstan və Türkmənistanın Bakıdakı səfirliklərinin nümayəndələri iştirak edib. Əfqanıstanın Azərbaycandakı səfiri Xeyrulla Spelenay ölkəsinin Lapis-Lazuli nəqliyyat marşrutunun inkişaf etdirilməsində  maraqlı olduğunu deyib.
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özaral Lapis-Lazuli marşrutunun  Əfqanıstan və digər ölkələr üçün mühüm əhəmiyyət kəsb etdiyini  vurğulayıb. O, bu xətti  Əfqanıstanın dünya bazarlarına çıxışını təmin edən mühüm dəhliz adlandırıb.
Lapis-Lazuli marşrutuna Hindistanın da qoşulması gözlənilir.Bununla bağlı danışıqların aparıldığı bildirilib.
Qeyd edək ki,Lapis-Lazuli marşrutuna dair Saziş ötən  il noyabrın 15-də Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyə arasında Əfqanıstana dair VII regional iqtisadi əməkdaşlıq konfransında  imzalanıb. Bu sənədin reallaşdırılması regionun iqtisadi inteqrasiya səviyyəsini yüksəltməyə, ticarətin həcmini əhəmiyyətli dərəcədə artırmağa xidmət edir.


Create Account



Log In Your Account