May 01 2019 14:50
Views: 552

Azərbaycanda biznesə və sahibkarlara açılan qapı. Bakıda yaradılmaqda olan ilk kiçik və orta biznes evi - KOB evi belə adlandırılır. Mərkəzin təqdimat mərasimində KOB evi konsepsiyası, hazırda bu dəstək mexanizminin yaradılması istiqamətində görülən işlər, burada sahibkarlara göstəriləcək xidmətlər barədə ətraflı məlumat verilib.

İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov sahibkarlığın inkişafı, biznes və investisiya mühitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərdən, aparılan islahatlardan danışıb. Qeyd edib ki, 2019-cu ilin ilk 3 ayında sahibkarlıq subyektlərində cəmi 438 yoxlama keçirilib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov ölkəmizdə kiçik və orta biznesin inkişafı, bu sahədə həyata keçirilən islahatlar və qanunvericilikdə edilmiş dəyişikliklər, Agentliyin fəaliyyəti və sahibkarlara göstərdiyi dəstək mexanizmləri və xidmətlər barədə məlumat verib.  

“KOB evi” bir neçə alqoritm üzrə “Biznesi başla”, “Biznesi işlət”, “Biznesi inkişaf etdir” bölmələri üzrə fəaliyyət göstərəcək. Burada sahibkarların alternativ maliyyə mənbələrinə çıxış təmin ediləcək. Azərbaycanda həmçinin elektron platforma üzərindən – “e-KOB evi”  portalı yaradılacaq.  Portalda qurumun sahibkarlarla bağlı həyata keçirdiyi məsələlər öz əksini tapacaq. 

Qeyd edək ki, təqdimat günü həm də Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun iclası da keçirilib. İclasda ilk “KOB evi”nin yaradılması sahəsində qarşıda duran vəzifələrə dair müzakirələr aparılıb, təkliflər səsləndirilib. Koordinasiya Qrupu KOB evlərində sahibkarlıq subyektlərinə xidmət göstərilməsi zamanı dövlət qurumları ilə Agentlik arasında səmərəli əlaqələndirmənin və operativliyin təmin edilməsi məqsədilə yaradılıb.


Create Account



Log In Your Account