Aug 12 2019 19:55
Views: 281

Qurban bayramı münasibətilə səhər saat 9-da ölkənin bütün məscidlərində bayram namazı qılınıb.  Yüzlərlə insan bayram ibadəti üçün məscidlərə axın edib.
Birgə bayram namazı qılan insanlar dualar edib, müqəddəs bayram münasibətilə bir-birlərini təbrik ediblər.
İslam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban bayramı bütün müsəlman ölkələrində olduğu kimi Azərbaycanda da təmtəraqla qeyd olunur. Ölkəmizdə müxtəlif məzhəblərin nümayəndələri bərabər şəkildə bu bayramı qeyd edirlər. İslam dininin dəyərlərinə heyran olaraq sonradan bu dini qəbul edənlər də az deyil. Paytaxt sakini Vitali Apuşkin onlardan biridir.
Qurban bayramını Bakıda qeyd edən əcnəbilər də bayram namazını paytaxt sakinləri ilə birlikdə qılıblar.
İslam dünyasının müqəddəs bayramı olan bu gündə müsəlmanlar Allaha olan sədaqətlərini nümayiş etdirmək üçün qurban kəsirlər. İnsanları birliyə, həmrəylik və paylaşmaya çağıran bu bayram ailə dəyərlərinin möhkəmlənməsində də əhəmiyyət daşıyır. İslam dininin qaydalarına görə, kəsilən qurbanlıq 3 yerə bölünə bilər. Bu payların qurban kəsən şəxsin ailəsinə, yaxın qohumlarına və yoxsullara paylanması məsləhət görülür. Azərbaycanda Qurban bayramı 1992-ci ildən dövlət səviyyəsində qeyd olunur. Prezident İlham Əliyevin Qurban bayramı münasibətilə xalqa təbrikində qeyd olunur ki, Tarixən İslama və onun mütərəqqi ənənələrinə bağlı olan xalqımız əsrlər boyu bu dəyərləri yaşatmış və ölkəmiz İslam sivilizasiyasının mədəni mərkəzlərindən birinə çevrilib. Azərbaycanda bütün dini bayramlar, o cümlədən Qurban mərasimləri hər il böyük təntənə və yüksək əhval-ruhiyyə ilə keçirilir.


Create Account



Log In Your Account