Mar 08 2019 15:23
Views: 1129

İnanmaq çətindir ki, bütün bu gözəl tabloları demək olar ki, bütün bədəni iflic olan bu gənc çəkib. Amma öz əzmi və iradəsi ilə Ülkər Zeynalova buna nail olub. Serebral iflicdən əziyyət çəkdiyindən, Ülkər demək olar ki, hərəkət edə bilmir. Anası Mina Zeynalova deyir ki, bununla belə hələ 9 yaşında ikən Ülkərin rəssamlığa və rənglər aləminə meylli olduğunu sezib. Özü sərbəst hərəkət etməkdə çətinlik çəksə də, sag əlinin bir qədər hərəkətli olmasından istifadə edərək fırçanı əlinə götürməkdən çəkinməyib. Əzmi və inadkarlığı sayəsində ilk günlər saatlarla cızmaqara elədiyi rəsmləri indi bir günün içində çəkir. Anası Mina xanım deyir ki, “bu sənət ona yaşamaq üçün verilib”.
Mina xanım deyir ki, Ülkərin rəsmlərinin mövzusu əsasən təbiət olub. Təbiətin rənglər ahənginə vurulan gəncrəssam peşəkar müəllimlərin yardımı ilə kətan üzərində yağlı boya ilə çəkməyə başlayır. Dəfələrlə əsərləri sərgilənəndən sonra daha da ruhlanan Ülkər səth üzərində əl işləri ilə də məşğul olur. Tumlardan, balıqqulaqlarından kompozisiyalar,eyni zamanda təbiət təsvirləri düzəltməyə başlayır. İllərlə dayanmadan öz yaradcılığını inkişaf etdirən bu gənc qızın istedadı çoxlarını heyrətləndirib.
Rəssamlar İttifaqının üzvü olan Ülkərin rəsmlərinin mövzusu artıq ictimailəşir. “Şuşa qalası”, “Ağlayan göz”, “Qarlı dağlar” kimi əsərlərində Azərbaycanın Qarabağ ağrı-acısını kətan üzərinə köçürən gənc rəssamın “İki dünya” əsərindəsə bu dünya ilə axirəti bir ağacın iki üzü kimi təsvir edib. Hər kəs bu iradəli qızı qəhrəman hesab edir. Ülkərin qəhrəmanı isə anasıdır. Mina xanım qızının ən böyük dəstəkçisi, onun ilham qaynağı, eləcə də əsərlərinin ilk tamaşaçıdır. Qızı ilə fəxr edən Mina xanım deyir ki, Ülkər öz sənəti ilə bütün əngəlləri aşır və bu, ona həyat eşqi verir.
Ülkərin hərəkət koordinasiyası inkişafdan qaldığından fırçanı üzünə dayayaraq rəsm çəkir, bu səbəbdən də rəsmlərə dəfələrlə kənardan baxmaq məcburiyyətində qalır. Orta məktəbi evdə bitirən Ülkər, Rəssamlıq Kollecini tərtibatçı-rəssam ixtisası üzrə qiyabi oxuyub. Eyni zamanda şeirlər yazan Ülkər iki pərdəli “Acı taleyin gül çiçəyi” adlı pyes də qələmə alıb. Ən böyük arzusu isə rəsmlərinin sərgi satışının təşkil olunması və pyesi əsasında tamaşanın səhnələşdirilməsidir. Bununla, həm müalicəsi üçün lazım olan vəsaiti əldə etmək, həm də öz yaracıdılığını daha çox insana tanıtdırmaq niyyətindədir. Öz əzmi və iradəsi ilə bütün əngəlləri aşan Ülkər bu arzularına da çatacağına inanır.


Create Account



Log In Your Account