Mar 02 2019 15:43
Views: 411

25 yaşlı Cəmilə Məmmədli fiziki imkanları məhdud dünyaya gəlib. İllərdir metrodan istifadə etsə də, əlil arabası ilə tək hərəkət etməkdə çətinlik çəkir. Hər zaman başqa sərnişinlərin ona yardım etdiyini deyən Cəmilə onun kimi fiziki imkanları məhdud insanların metrodan rahat istifadəsini nəzərdə tutan yeni layihənin sınaqlarında könüllü iştirak edib. Artıq metroya daxil olmaq istəyən Cəmilə kimi insanlar üçün xüsusi qurğular alınıb. Bu qurğular vasitəsilə fiziki məhdudiyyətli sərnişin əlil arabası ilə metronun girişinə yaxınlaşdıqda metropolitenin əməkdaşlar onu qarşılayacaq. İndiyədək qurğudan istifadə ilə bağlı keçirilən bir neçə təlimdə iştirak edən Cəmilə də, metro əməkdaşları da indi bu vərdişləri təkmilləşdirmək üzərində çalışır. Əsas məqsəd əlil sərnişinin təhlükəsiz və rahat şəkildə metro stansiyasına daxil olmasına şərait yaratmaqdır.

“Bakı Metropoliteni” artıq 4 belə qurğu alıb. eyni zamanda metro vaqonlarında da əlil arabasının hərəkəti üçün infrastruktur imkanlarının yaradılması işlərinə start verilib. 10 vaqonda maşinistin arxasında yerləşən vaqonda oturacaqlar sökülərək əlill arabaları üçün yerlər düzəldilib. Bakı Metropoliteninin sözçüsü Bəxtiyar Məmmədov deyir ki, təlimatlar hazırlanıb, praktiki vərdişlərin artırılması istiqamətində işlər gedir.

Fiziki imkanları məhdud insanların metrodan istifadəsi xüsusi mobil tətbiq vasitəsilə idarə olunacaq. Metrodan istifadə etmək istəyən bu şəxslər öncədən həmin mobil tətbiq vasitəsilə bu haqda məlumat verəcək. Sərnişinin sifarişi mərkəzi dispetçer məntəqəsinə ötürüləcək. Burdan metropoliten əməkdaşları lazımı stansiyaya sözügedən sərnişini qarşılamaq üçün yönləndiriləcək. Yaxın gələcəkdə mobil tətbiqi müvafiq platformalarda yükləmək mümkün olacaq.

Sərnişinlər də əlill vətəndaşların metrodan istifadə imkanlarının yaradılması təşəbbüsünü yüksək qiymətləndirib.

Qeyd edək ki, Bakı Metropolitenin bənövşəyi xəttinin layihələndirilməsi zamanı əlil arabalarının metroya daxil olması üçün liftlər nəzərdə tutulub. Buna görə də beynəlxalq praktikada istifadə olunan qurğular yalnız Yaşıl və Qırmızı xətlərdən istifadə edəcək fiziki məhdudiyyətli şəxslər üçün istifadə olunacaq.

 


Create Account



Log In Your Account