Jul 09 2020 18:02
Views: 583

“Ənənəvi incəsənət vasitəsilə inklüziv təhsilin təşviqi” layihəsi pandemiya dövründə də fəaliyyətini davam etdirir. İncəsənətin müxtəlif növləri üzrə kurslarda təhsil alan tələbələr artıq bir neçə aydır ki, dərslərini onlayn şəkildə keçirlər. 2018-ci ildən həyata keçirilən layihənin əsas məqsədi əlilliyi olan uşaq və gənclər üçün inklüziv təhsil imkanlarının yaradılması və tətbiqidir. Layihə eksperti Zarina Əliyeva deyir ki, bir il ərzində kurslarda 45 əlilliyi olan və 66 əlilliyi olmayan tələbə təhsil alıb. Hər əlilliyi olan tələbə üçün fərdi inkişaf planı tərtib olunur. Planda həm tədris, həm də reabilitasiya xidmətləri üçün məqsədlər və nəticələr qeyd olunur. Zarina xanım hesab edir ki, əlilliyi olan tələbələrin digər tələbələrlə bir yerdə dərs keçmələri onların cəmiyyətə inteqrasiyası baxımından da əhəmiyyətlidir.

İçərişəhərdə fəaliyyət göstərən Sənətkarlıq üzrə İnklüziv Təlim Mərkəzində təşkil edilən kurslarda tələbələrə dulusçuluq, taxta üzərində iş, polimer gili, muncuq, vitraj və baltikadan sadə suvenirlərin hazırlanması öyrədilir. Məxluqə Hüseyn vitraj üzrə müəllimdir. Deyir ki, şüşədən və digər şəffaf materiallardan düzəldilən süjetli dekorativ kompozisiyası olan vitraja tələbələrin marağı böyükdür.

Pandemiya dövründə reabilitasiya xidmətləri də onlayn formatda davam etdirilir. Psixoloq, sosial işçi, loqopedlər tələbələrlə internet vasitəsilə məşğələlər keçirirlər. Əlilliyi olan və olmayan tələbələr arasında ünsiyyəti, eləcə də inklüzivliyi artırmaq üçün maraqlı oyunlar, qrup şəklində tapşırıqlar təşkil edirlər. Əlilliyi olan tələbələrin layihədə iştirakı onların valideynlərinin köməyi ilə baş tutur. Daun sindromu olan 15 yaşlı Nigar Mustafayevanın anası Könül xanım deyir ki, bu hal qızının yaradıcılığa olan həvəsinə qətiyyən mane olmur. Əksinə, keramika sənətinin incəliklərini öyrənmək üçün əlindən gələni edir. Nigar indi rayonda olsa da, dərslərini internet vasitəsilə öyrənir.

Autizmi olan Şamxal Xələfinin isə 21 yaşı var. Foto və keramika sənəti ilə məşğuldur. Anası Zəhra xanım layihəni çox faydalı hesab edir. Deyir ki, bu, oğlu üçün həm də gözəl bir ünsiyyət imkanıdır. O, Şamxalın onlayn dərslərə də istəklə qatıldığını bildirir.

Qeyd edək ki, “Ənənəvi incəsənət vasitəsilə inklüziv təhsilin təşviqi” layihəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilir. Layihə BMT-nın İnkişaf Proqramı və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə birgə həyata keçirilir.

 


Create Account



Log In Your Account