Sep 07 2019 18:10
Views: 397

Bir neçə gün əvvəl istismara verilən “Şimal-2” elektrik stansiyası ölkənin elektrik enerjisi təchizatının daha etibarlı və dayanıqlı olmasına imkan verəcək. Belə ki, “Şimal-1” və “Şimal-2” stansiyaları birlikdə ümumilikdə respublikanın enerji tələbatının 20%-ni ödəmək imkanına malikdir. Bu barədə media nümayəndələrinə yeni istismara verilən “Şimal-2” stansiyası ilə tanışlıq zamanı məlumat verilib. “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Teymur Abdullayev bildirib ki, hər iki stansiya Bakı və Abşeron yarımadasının enerji tələbatının yarıya qədərini qarşılaya bilər.
400 meqavat gücündə “Şimal-2” elektrik stansiyasının əsas komponentlərinə qaz və buxar turbinləri və generator daxildir. Faydalı iş əmsalına görə, bu stansiya bölgədə liderdir.
Faydalı iş əmsalı 57,4 faiz olan buxar-qaz qurğusu Cənubi Qafqaz regionunda ən yüksək faydalı iş əmsalına malik elektrik stansiyasıdır. Stansiyada ildə 3,2 milyard kilovat/saat elektrik enerjisi istehsal ediləcək və hər 1 kilovat/saat elektrik enerjinin buraxılışına 214 qram şərti yanacaq sərf olunacaq ki, bu da enerji sisteminin ümumi göstəricisindən 65 qram azdır. Bu isə milyonlarla manata qənaət deməkdir.
Xatırladaq ki, 1950-ci illərdə istifadəyə verilən “Şimal” Elktrik Stansiyası 90-cı illərdə tam köhnəldiyindən istismardan çıxarılıb və 2000-ci ildə ulu öndər Heydər Əliyevin iştirakı ilə yenidən təməli qoyulan 400 meqavatlıq “Şimal-1” elektrik stansiyası 2002-ci ildə istismara verilib. 2011-ci ildə isə Prezident İlham Əliyevin iştirakı ilə 400 meqavatlıq “Şimal-2” elektrik stansiyasının təməli qoyulub. 2018-ci ilin payızından başlayaraq “Şimal-2” elektrik stansiyasının tikinti və montaj prosesi sürətləndirilib və sentyabrın 5-də stansiya istismara verilib.  
“Şimal-1” və “Şimal-2” elektrik stansiyalarının birlikdə il ərzində gözlənilən istehsalı 5,7 milyard kilovat-saatdır.


Create Account



Log In Your Account