Sep 05 2019 18:39
Views: 950

Prezident İlham Əliyev “Şimal-2” elektrik stansiyasının istismara verilməsi mərasimində iştirak edib. “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev, Yaponiyanın Xarici İşlər nazirinin parlamentar müavini Kenji Yamada, Yaponiyanın ölkəmizdəki səfiri Teruyuki Katori dövlət başçısına burada görülən işlər barədə məlumat veriblər. 

1950-ci illərdə iki mərhələdə istifadəyə verilən “Şimal” Elektrik Stansiyasının 1988-ci ildə birinci, 1998-ci ildə ikinci növbəsi tam köhnəldiyindən istismardan çıxarılmışdı. 1998-ci ildə milli lider Heydər Əliyev Yaponiyaya səfəri zamanı 400 meqavatlıq “Şimal-1” Elektrik Stansiyasının tikintisi üçün ölkəmizə investisiya cəlb olunmasına nail olub. Beləliklə 2000-ci ildə əsası qoyulan 400 meqavatlıq “Şimal-1” stansiyası 2002-ci ildə istismara verilib. 2011-ci ildə isə Prezident İlham Əliyevin iştirakı ilə ərazisi 104,9 hektar, gücü 400 meqavatlıq “Şimal-2” Elektrik Stansiyasının təməli qoyulub. Ötən ilin payızından başlayaraq “Şimal-2” Elektrik Stansiyasının tikinti və quraşdırma prosesləri sürətləndirilərək 2019-cu ildə işlər tamamlanıb.

Ümumi qoyuluş gücü 800 MVt olan “Şimal-1” və “Şimal-2” elektrik stansiyalarının vahid mərkəzdən idarə edilməsi, istismar prosesində əməliyyatların operativliyinin təmin olunması və ekstremal qəza vəziyyətlərində işdə pozuntuların operativ aradan qaldırılması nəzərə alınaraq ərazidə Mərkəzi İdarəetmə Binası inşa edilib.

Binada elektrik stansiyasının tarixini əks etdirən eksponatların sərgiləndiyi muzey də fəaliyyət göstərir. Yeni istifadəyə verilən idarəetmə binasında vahid dispetçer idarəetmə mərkəzi və stansiyanın mikro SCADA sistemi yaradılıb. “Şimal-1” və “Şimal-2” elektrik stansiyalarının birlikdə il ərzində gözlənilən istehsalı 5,7 milyard kilovat-saatdır.

Qəza rejimlərində stansiyanın vacib sistemlərinin elektrik enerjisi ilə qidalandırılması üçün qəza dizel generatoru quraşdırılaraq xüsusi sərfiyyat sxeminə qoşulub və avtomatik ehtiyatdan qoşulması təmin edilib.

Hazırda ən yüksək faydalı iş əmsalına malik olan “Şimal-1” və “Şimal-2” elektrik stansiyaları birlikdə respublika üzrə elektrik enerjisi istehsalının 20 faizini, Bakı və Abşeron yarımadası üzrə 40-50 faizini təşkil edəcək. “Şimal” Elektrik Stansiyası enerjisistemin texniki-iqtisadi göstəricilərinin yaxşılaşdırılmasına əsaslı təsir etməklə yanaşı, il ərzində 77 milyon kubmetr təbii qazın qənaətinə və regionlardan Bakı şəhərinə verilən enerjinin miqdarının 20 faiz azalmasına imkan yaradacaq. Stansiyanı yüksək təzyiqli yanacaqla təmin etmək məqsədilə yeraltı qaz kəməri, qaz tənzimləyici və təmizləyici qovşaq, qazqızdırıcı qurğular və kompressor stansiyası tikilib.

Dövlət başçısı bildirib ki, bu stansiyanın fəaliyyətə başlaması elektrik enerjisi sahəsində çox əlamətdar hadisədir. Azərbaycanda bundan sonra da sənaye istehsalının və iqtisadiyyatın artımı elektrik enerjisi mənbələri ilə təmin edilməlidir.


Create Account



Log In Your Account