Feb 11 2020 19:22
Views: 184

Şuşa rayonunun Malıbəyli və Quşçular kəndlərinin işğalından 28 il keçir. Erməni hərbi birləşmələri Xankəndi şəhərində dislokasiya olunmuş 366-cı alayın silah və texnikasının, habelə orada xidmət edən erməni və rus hərbçilərin köməyi ilə fevralın 9-dan etibarən Malıbəyli və Quşçular kəndləri üzərinə hücuma keçib. Üç gün davam edən qeyri-bərabər döyüşdən sonra 1992-ci il fevralın 11-də hər iki kənd işğal edilib. Kəndlər yandırılıb, yaşayış evləri, məktəblər, uşaq bağçaları, xəstəxanalar, məişət evləri, inzibati binalar, mədəniyyət abidələri, təsərrüfat obyektləri məhv edilib. İşğal nəticəsində iki kəndin 30-dək dinc sakini qətlə yetirilib, əsir götürülüb, yüzlərlə sakin yaralanıb. Ekspertlər hesab edir ki, Malıbəyli və Quşçular faciəsi Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi etnik təmizləmə, dövlət terrorizmi, soyqırımı və işğalçılıq siyasətinin davamı idi. Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədr müavini, professor Elçin Əhmədov deyir ki, Qarabağa dair ərazi iddiaları məhz Ermənistanın təbliği, təhriki və təzyiqi ilə ortaya atılıb. Elçin Əhmədov hesab edir ki, Malıbəyli və Quşçular kəndlərinin işğalı bir daha sübut etdi ki, Ermənistan ərazi iddialarının sərhədləri böyükdür. Bu, işğalın davamına, o cümlədən Xocalı soyqırımına gedən yolun başlanğıcı idi. Xatırladaq ki, erməni birləşmiş hərbi hissələri Malıbəyli və Quşçular kəndini işğal etməsindən sonra 3 minədək əhali Ağdama pənah gətirib. Daha sonra Ağdam da işğal edildiyindən Malıbəyli və Quşçular kəndlərinin sakinləri 28 ildir ki, ölkənin müxtəlif bölgələrində məcburi köçkün həyatı yaşayır. Onlar heç vaxt işğalla barışmır və hər an öz vətəninə dönməyə hazırdırlar.


Create Account



Log In Your Account