Feb 19 2019 18:17
Views: 422

Milli Məclisin bu günkü plenar iclasında “Əmanətlərin tam sığortalanması haqqında” qanuna dəyişiklik sənədi müzakirəyə çıxarılıb. İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə qeyd edib ki, dəyişikliklərə əsasən əmanətlərin sığortalanma müddəti daha 1 il artırılır və bu qərar banklarda manatla əmanətlərin artmasına əlverişli şərait yaradacaq.

Deputatlar “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik sənədini də təsdiqləyiblər. Dəyişikliyə görə, əmək pensiyasının minimum məbləği 2019-cu il 1 mart tarixindən 160 manat məbləğində müəyyən olunur. Təyin edilən əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir.

Bu dəyişiklik 233 min nəfərin pensiyasında artıma səbəb olacaq.  9 min nəfərin pensiyası demək olar iki dəfə artır. 26 min nəfərin pensiya məbləği 30 faiz artır. Bütövlükdə böyük qrup təqaüdçülərin pensiyası 38,5 faiz civarında artır. Bu məqsədlərə bu il büdcədən 41 milyon manat ayrılması nəzərdə tutulub.

Deputatlar “Gənclər siyasəti haqqında” qanuna dəyişiklikləri təsdiqləyiblər. Dəyişikliyə görə, yaşı 35-ə qədər olan elm adamları "gənc alim və tədqiqatçı" sayılacaq. Həmçinin, dövlət gerbi və himndən istifadə qaydaları təsdiqlənib. Layihəyə əsasən, Dövlət gerbinin oturulan, ayaq basılan və natəmiz yerlərə vurulması və ya həmin yerlərdə təsvir edilməsi qadağandır. Qanunun tələblərini pozan şəxslər İnzibati Xətalar Məcəlləsinə, dövlət gerbi barədə təhqiredici hərəkətlər edən şəxslər isə Cinayət Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar. İclas “Ümumi təhsil haqqında” qanun layihəsinin müzakirəsi ilə yekunlaşıb.

 

 

 


Create Account



Log In Your Account