Jun 02 2020 18:11
Views: 343

Milli Məclisin bu gün keçirilən plenar iclasında koronavirus pandemiyası dövründə maska taxmamağa görə cərimələr nəzərdə tutulan layihə - İnzibati Xətalar Məcəlləsinə düzəlişlər üçüncü oxunuşda təsdiqlənib. Layihəyə görə, epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər 200 manat məbləğində cərimə ediləcək. Bu pozuntu təkrar törədildikdə cərimələrin məbləği ikiqat artır. 

Deputatlar cari məsələlərə də münasibət bildirib. Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icmasının rəhbəri, deputat Tural Gəncəliyev Kanada parlamentinin üzvü Reyçl Harderin Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən təşkil edilən qondarma "prezident seçkisi"nin dırnaqarası qalibinə “təbrik məktubu”nu göndərməsini tənqid edib. Kanada parlamentinin üzvlərinə etiraz məktubu göndərdiyini deyib. Digər millət vəkilləri də seçicilərini narahat edən məsələləri gündəmə gətiriblər. Millət vəkili Qüdrət Həsənquliyev parlamentin iclaslarının canlı yayımlanmasını təklif edib. Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası iyun ayının 5-də keçiriləcək.


Create Account



Log In Your Account