Feb 11 2019 14:19
Views: 238

Bir zamanlar Qara şəhər  deyəndə—Bakı yaxınlığında  neft sənayesinin inkişafı zamanı yaranan kiçik bir yaşayış məntəqəsi  ağıla gəlirdi. Bu ərazidə əsasən, neft zavodları yerləşirdi. Bu gün isə bura sözün həqiqi mənasında ağ günə çıxaraq Bakının “Ağ Şəhərinə” çevrilib.Gözəl binaları, geniş, müasir küçələri və parkları,dənizə baxan məzərəsi ilə bu ərazi paytaxtın ən gözəl guşələrindən biridir. Prezident  İlham Əliyevin sərəncamı ilə  “2006-2010 illərdə Azərbaycanın ekoloji vəziyyətinin yaxşılaşdırılmasına dair kompleks tədbirlər planınına uyğun olaraq inşa edilən  Bakı Ağ Şəhər layihəsi ölkədə icra olunan ən böyük miqyaslı şəhərsalma layihələrindən biri sayılır. Layihənin Baş Planında  nəzərdə tutulan 10 universal şəhər tipli rayonun  artıq bir neçəsi istifadəyə verilib.Tikilən və inşası davam edən  rayonların hər birində sakinlərin yaşayışı, çalışması, istirahəti və əyləncəsi üçün bütün lazımı şərait yaradılır.Ümumi ərazisi  621 hektar  olan Bakı Ağ Şəhər ərazisində müxtəlif şirkətlərin apardığı  tikinti və abadlıq-quruculuq işləri   davam etdirlir. Ağ Şəhərin artıq təhvil verilən əraziləri müxtəlif heykəltəraşlıq nümunələri ilə bəzədilib. Tikinti ərazisinə düşən ağaclar yeni abadlaşan sahələrə köçürülüb.Bir sıra prospektlər və yaşayış kvartalları sakinlərin istifadəsinə verilib.

Görülən  işlər nəticəsində ötən ilin sonunda ərazisinə görə ən böyük olan Babək kvartalının bir hissəsi vətəndaşlara təhvil verilib. Paris evlərindən ibarət kvartalda geniş abad küçələr, uşaq meydançaları, yaşıl zonalar  salınıb. Yol-infrastrukturunun yaradılması çərçivəsində paytaxtın iki strateji yolları olan Nobel və Babək prospektlərini birləşdirən küçə tam  istifadəyə verilib. Şəhər daxili küçələrdə yollar boyunca  yol hərəkətinin tənzimlənməsi üçün  lövhələr quraşdırılıb, avtodayanacaqlar,yer altı  və yer üstü piyada  keçidləri salınıb.Ümumilikdə isə layihəyə uyğun olaraq 22,4 kilometr uzunluğunda, dörd və altı hərəkət zolağından ibarət olan 63 avtomobil yolunda işlər davam etdirilir.

Bakı Ağ Şəhər layihəsi çərçivəsində ərazidə yeni inşa olunan sosial obyektlərin, otellərin, əyləncə komplekslərinin, tikinti obyektlərinin, yaşayış komplekslərinin keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təchiz olunması   üçün yarımstansiyalar da quraşdırılıb.Ərazidə ilkin mərhələdə nəzərdə tutulan 18 transformator məntəqəsindən üçünün tikintisi başa çatıb, daha üçünün tikintisi davam edir.Istifadəyə verilən Fəvvarələr Meydanı parkında , yerüstü piyada keçidinin və 800 yerlik ictimai parkinq kompleksinin tikintisi nəzərdə tutulub.

Körpü vasitəsilə piyadalar Babək prospektindən Mərkəzi Park rayonu, Fəvvarələr Meydanı və Nobel prospekti üzərindən birbaşa Ağ Şəhər bulvarına qədər 2 kilometrlik maneəsiz gəzintiyə çıxa biləcəklər. Piyadalar, həmçinin körpüdə yerləşdiriləcək eskalator və liftlərlə metronun “Ağ Şəhər” stansiyasına rahat gediş-gəliş imkanı əldə edəcəklər. İstifadəyə verilən Fəvvarələr Meydanı Parkının bəzi hissələri “Qara Şəhər”in keçmiş tikililərindən qalma daşlarla döşənib. Parkda “Ağ Şəhər” layihəsi və ərazinin tarixi olan “Qara Şəhər” haqda məlumatlandırıcı lövhələr quraşdırılıb. Parkın alt hissəsində  “Zaman meydanının” tikintisi də aparılacaq. Meydan xüsusi sifariş edilmiş çoxsaylı saatlarla bəzədiləcək.Metronun “Ağ Şəhər” stansiyasının çıxışlarından biri də burada yerləşəcək. Layihənin qərbində yerləşən 27 hektarda yeni ərazinin texniki inventarlaşdırılması da aparılır. Şəhərsalma və Arxitektura komitəsinin tövsiyələri əsasında, inşa olunacaq tikililərin memarlıq göstəriciləri, şəhərsalma, nəqliyyat və digər infrastrukturu, Ağ Şəhər layihəsilə uzlaşdırılaraq planı hazırlanıb.

Mərkəzi Şərq küçəsində yerləşəcək yeni Qarabağ Atları Meydanının  tikintisi aparılır. Kvartalın meydanında mağazalar, kafelər və mərkəzində 7 atdan ibarət fəvvarələr kompleksi inşa olunacaq. Bununla yanaşı Bakının əsas nəqliyyat arteriyaları sayılan Nobel, Babək və Heydər Əliyev prospektlərini  gələcəkdə yeni Bulvar yolu ilə birləşdirəcək 80 metr enində əlaqələndirici prospektin ilkin layihələndirilmə işləri görülüb.


Create Account



Log In Your Account