Jun 12 2020 15:58
Views: 251

19-cu əsrin 2-ci yarısında Qarabağ muğam məktəbinin ən layiqli nümayəndələrindən biri olan xanəndə Məşədi Məmməd Fərzəliyevin irsi ilə bağlı musiqi mədəniyyətimizə məlum olmayan bir sıra yeni sənədlər aşkar edilib. Beynəlxalq Muğam Mərkəzinin apardığı tədqiqatlar nəticəsində  xanəndənin qəriblikdə olan məzarı və mühacirlik fəaliyyəti ilə bağlı axtarışlara başlanılıb. Xanəndənin irsinin araşdırılmasına jurnalist və araşdırmaçı Dilqəm Əhməd və araşdırmaçı-jurnalist Hafiz Əhmədov da cəlb edilib. Tədqiqatçı alim Gülhüseyn Kazımlı deyir ki, 90 ildə musiqi tarixinə məlum olmayan sənədlər ortaya çıxıb.  Vaxtilə Gəncə Filarmoniyasının direktoru olmuş Hüseyn Rzayevin musiqişünas Firudin Şuşinskiyə yazdığı məktub araşdırmalarda açar rolunu oynayıb. Milli Arxiv idarəsindən əldə edilən bu məktubda xanəndənin İstanbulda yaşadığı ünvan göstərilib və onun Mehmet Çaylı - Ferzalı adı ilə fəaliyyət göstərdiyi qeyd edilib. Bundan sonra axtarışlar Məşədi Məhəmməd Fərzəliyev deyil, Mehmet Ferzalı adı ilə aparılıb.

Tədqiqatlar nəticəsində Məşədi Məmməd Fərzəliyevin indiyədək musiqi ictimaiyyətinə məlum olmayan 3 valı tapılıb. Xanəndənin 50 illik yubileyinin keçirilməsinin afişası, verilən konsertlər haqqında o dövr Türkiyədə “İstiqlal” qəzetində yazılan məqalələr araşdırılıb. Bu lent yazılarının təqdimatını da Beynəlxalq Muğam Mərkəzi reallaşdırmaq niyyətindədir.

Məşədi Məmməd Fərzəliyev də daxil olmaqla korifeylərin həyat və yaradıcılığı Beynəlxalq Muğam Mərkəzinin “Unudulmayanlar” layihəsi çərçivəsində araşdırılır.  Axtarışlar indi də davam edir. İndi İstanbulun müxtəlif məzarlıqlarında xanəndənin məzarının axtarılması üçün işlər görülür. Mütəxəssislər bildirir ki, onun fəaliyyəti Azərbaycan mədəniyyəti və muğam sənətimiz üçün vacib bir mərhələdir.

Qeyd edək ki, Məşədi Məmməd Fərzəliyev 1872-ci ildə Şuşada anadan olub. O, gənc yaşlarından Şuşanı tərk edib, bir müddət Gəncədə, sonralar isə Tbilisi, Batumi, Vladiqafqaz, İstanbul və başqa şəhərlərdə yaşayıb, xanəndəlik edib. Xanəndə Zaqafqaziyada, Orta Asiyada, Türkiyədə, hətta Avropanın bir çox ölkələrində görkəmli sənətkar kimi tanınıb. Məşədi Məmməd “Şüştər” muğamının ustası kimi daha məşhur olub. 1926-cı ildə Məşədi Məmməd Fərzəliyev Rusiyanın bir çox şəhərlərində, Avropa ölkələrində, Türkiyə və İranda konsertlər verir. 1923-cü ildə Məşədi Cəmil Əmirov tərəfindən Gəncə şəhərinə dəvət edilən xanəndə şəhər musiqi məktəbində muğamatdan dərs deməyə başlayır. 1929-cu ildə o, yenidən xaricə qastrol səfərinə çıxıb, bir daha Azərbaycana qayıtmayıb. Məşədi Məmməd Fərzəliyev uzun illər Türkiyənin İstanbul şəhərində yaşayıb və 1962-ci ildə orda dünyasını dəyişib.  


Create Account



Log In Your Account