Oct 11 2017 18:40
Views: 1783

Rusiyanın Soçi şəhərində MDB dövlət başçıları şurasının növbəti iclası keçirilir. İclasda Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edir. MDB dövlət başçıları siyasi, iqtisadi, mədəni-humanitar və digər sahələrdə əməkdaşlığın inkişafı ilə bağlı məsələləri müzakirə edirlər. 
İclasın gündəliyində 16 məsələ var. Gündəmdə həmçinin sərhədlərin mühafizəsi, terrorçuluqla mübarizə və birliyin yeni çağırışlara uyğun layihələri barədə fikir mübadiləsinin aparılması nəzərdə tutulur. Dar formatda isə MDB çərçivəsində əməkdaşlıq, MDB-də sədrlik, MDB dövlət başçıları şurasının növbəti iclasının yeri və vaxtı ilə bağlı məsələlər müzakirə olunacaq. 
Azərbaycanın çoxşaxəli siyasətində MDB ölkələri ilə əməkdaşlıq xüsusi önəm kəsb edir. Eyni zamanda, birlik ölkələri də rəsmi Bakıyla əməkdaşlıqda maraqlıdır. Bu baxımdan MDB dövlət başçıları şurası iclasının böyük əhəmiyyəti var. 
Qeyd edək ki, MDB çərçivəsində 9 əməkdaşlıq istiqaməti mövcuddur və təşkilatın əsas məqsədi iqtisadi, hərbi-siyasi və humanitar sahələrdə çoxtərəfli əməkdaşlığın inkişafından ibarətdir. Birlik çərçivəsində 8-i nizamnamə, 69-u sahəvi əməkdaşlıq orqanları və 15-i digər qurumlar olmaqla, ümumilikdə 90-dan çox orqan fəaliyyət göstərir. Azərbaycan MDB-nin sahəvi əməkdaşlıq orqanlarından 30-unda, digər orqanların isə 11-ində iştirak edir. Ölkəmiz Ermənistandan başqa bütün MDB ölkələri ilə azad ticarət rejimi yaradıb, sərbəst sərmayə üçün hüquqi baza tərtib edib.


Create Account



Log In Your Account