Oct 30 2019 17:41
Views: 192

MDB Müdafiə Nazirləri Şurasının növbəti iclası Bakıda keçirilib. Toplantıdan əvvəl müdafiə nazirləri Şəhidlər Xiyabanını ziyarət edib, Azərbaycanın müstəqilliyi uğrunda həlak olan şəhidlərin xatirəsini yad ediblər.
İclasda Azərbaycanın Müdafiə naziri Zakir Həsənov, Rusiyanın Müdafiə naziri, Belarusun, Qazaxıstanın, Özbəkistanın,Tacikistanın Müdafiə nazirləri və Qırğızıstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, eləcə də MDB İcraiyyə Komitəsinin sədri – icraçı katib Sergey Lebedev iştirak edirlər.
İclasda çıxış edən Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov tədbirin ölkəmizdə keçirilməsindən məmnunluğunu ifadə edərək bildirib ki, xalqlarımızın dostluğu və ümumi irsi Azərbaycanda yüksək qiymətləndirilir. Nazir tədbirin səmərəli keçəcəyinə və münasibətlərimizin gələcək inkişafına xidmət edəcəyinə əminliyini ifadə edib.
Rusiyanın Müdafiə naziri ordu generalı Sergey Şoyqu iclasın yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb. MDB İcraiyyə Komitəsinin sədri–icraçı katib Sergey Lebedev qeyd edib ki, təhlükəsizlik sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə dair prinsipial mövqe MDB Dövlət Başçıları Şurasının oktyabrın 11-də Aşqabadda və Hökumət Başçıları Şurasının oktyabrın 25-də Moskvada keçirilən iclaslarında bir daha təsdiqlənib.
Görüşün gündəliyində 20-dən çox məsələ yer alıb. İclasda Şura üzvləri MDB ölkələrinin 2025-ci ilədək hərbi əməkdaşlıq konsepsiyalarını və MDB üzvü olan dövlətlərin Müdafiə nazirliklərinin 2025-ci ilədək radiasiya, kimyəvi və bioloji vəziyyətlə əlaqədar birgə monitorinq və qiymətləndirmə sisteminin hazırlanmasına dair əsas istiqamətləri nəzərdən keçiriblər.
Bundan başqa “Beynəlxalq Ordu Oyunları-2019”un yekunları, MDB ölkələrinin silahlı qüvvələri üçün zabit kadrlarının hazırlanması, “Elmə başlanğıc” İnnovativ Elmi İdeyalar Beynəlxalq Festivalının keçirilməsi və İkinci Dünya müharibəsində Qələbənin 75 illiyinin qeyd edilməsinə hazırlıq məsələləri müzakirə olunub. Eyni zamanda, Birlik ölkələrinin 2019-cu ildə hərbi əməkdaşlığının inkişafının nəticələrinin yekunları müzakirə edilib.İclasda MDB Müdafiə Nazirləri Şurasının 2020-ci il üçün İş Planı təsdiq edilib. cari hərbi əməkdaşlıq və qarşıda duran digər məsələlər də diqqət mərkəzində olub.

 


Create Account



Log In Your Account