May 06 2019 14:58
Views: 252

Prezidentin məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsinə aid son fərmanı bir çox dövlət qurumlarının üzərinə konkret tapşırıqlar qoyub. Və artıq həmin tapşırıqların icrası ilə bağlı bəzi işlər görülüb. Bu haqda Ədliyyə nazirinin müavini Azər Cəfərov məlumat verib. Onun sözlərinə görə, fərmanda qanunvericiliyin təkmilləşdirilməsi, məhkəmə quruluşunun, elektron məhkəmənin daha da inkişaf etdirilməsi, məhkəmələrə müraciətin asanlaşdırılması ilə bağlı tədbirlər nəzərdə tutulub. Nazir müavini qeyd edir ki, bu istiqamətlər üzrə bəzi işlər görülməkdədir.

Məhkəmə-hüquq sistemində islahatlarla bağlı Amerika Ticarət Palatası - AmCham indiyədək müxtəlif təşəbbüslər irəli sürüb. Təşkilatın iki ildən bir hazırladığı Ağ Sənəddə bu məsələlərə dair təkliflər hazırlanaraq hökumətə təqdim olunub. Artıq təkliflərin bir qismi fərmanda əks olunub.

Prezidentin 3 aprel tarixli fərmanının bir hissəsi investisiyaların qorunmasına, sahibkarlığın təşviqinə həsr olunub. Odur ki, fərmandan irəli gələn məsələlərin hüquqşünaslarla yanaşı, sahibkarlar tərəfindən də müzakirəsi vacibdir. Bu gün AmCham-ın təşəbbüsü ilə keçirilən ictimai müzakirələrin məqsədi də məhz iş adamlarının səsini dinləmək, onların mövqeyini öyrənməkdən ibarətdir.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Gündüz Kərimov bildirdi ki, Hüquq və iqtisadiyyat bir biri-ilə qarşılıqlı fəaliyyət gsötərən məfhumdur. Məhz buna görə də fərmanda sahibkarlıqla bağlı ixtisaslaşmış məhkəmənin yaradılması nəzərdə tutulur.

İctimai müzakirələrdə sahibkarlıqla bağlı ixtisaslaşmış məhkəmələrin yurisdiksiyalarına hansı məsələlərin daxil edilə biləcəyi, “Mediasiya haqqında” qanunun tətbiqi, mediatorların fəaliyyəti, effektiv beynəlxalq arbitraj prosedurlarının tətbiqi,  məhkəmələrdə süründürməçiliyin qarşısının alınması yolları ilə bağlı fikirlər səsləndirilib.

Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin sektor müdiri Vüsal İsayev ədalət mühakiməsinin mexanizmlərinin effektivliyinin artırılması, cəza siyasətinin humanistləşdirilməsi, vahid məhkəmə təcrübəsinin formalaşdırılmasından danışıb. AmCham-ın Direktorlar Şurasının üzvü İlqar Mehti islahatlara dair təşkilatın mövqeyini açıqlayıb.


Create Account



Log In Your Account