Jan 22 2019 14:09
Views: 519

Prezident  İlham Əliyevin 2019-cu ili  "Nəsimi ili"  elan etməsi Azərbaycanda  Nəsimişünaslığın inkişafına təkan verəcək. Nəsimi adına Dilçilik institutunun direktoru, akademik  Möhsün Nağısoylu belə deyib. Bildirib ki, Nəsiminin adını daşıyan institunun üzərinə dahi sənətkarın irsinin təbliği ilə bağlı böyük öhdəliklər düşür. Qeyd edib ki, Nəsimi əsərlərinin yeni akademik nəşrinə ehtiyac var.

Nəsiminin poeziyası ilə ədəbiyyatımızı, yeni söz və ifadələrlə isə dilimizi zənginləşdirdiyini deyən akademik bildirib ki, sənətkarın əsərlərində dil tariximizin mənzərəsini aydın şəkildə görmək mümkündür. Onun sözlərinə görə, Dilçilik İnstitutunda Nəsimi əsərlərində işlənən sözlərdən ibarət lüğət hazırlanır.

Möhsün Nağısoylunun sözlərinə görə, müstəqillik əldə olunandan sonra  şairin yeni əlyazamları üzə çıxıb. Bu səbəbdən İmaddədin Nəsimi yaradıcılığı ədəbiyyatşünaslıq, dilçilik və fəlsəfi baxımdan sistemli  şəkildə araşdırmalara cəlb olunmalıdır. Azərbaycan Milli Elmlər Akademiyasının  Mərkəzi Elmi Kitabxanasında da “Nəsimi ili” ilə bağlı fəaliyyət planı hazırlanıb. Fəaliyyət planında MEK-in fondlarında Nəsimiyə aid mühafizə olunan sənədlərin təftişi, sistemli şəkildə siyahlya alınması və elektron kataloqa, rəqəmsal bazaya daxil edilməsi, “Nəsimi” adlı elektron bazanın yaradılması nəzərdə tutulub.

Mərkəzi Elmi Kitabxana həmçinin, müxtəlif dillərdə olan “Vikipediya”larda  Nəsiminin həyatı və yaradıcılığı ilə bağlı məqalələrin yaradılmasını və mövcud məqalələrin əsaslı şəkildə redaktə edilməsini planlaşdırır.  


Create Account



Log In Your Account